Şənbə, 16 Noyabr 2019 23:43

Təqiyyə nədir?

Dində təqiyyə deyilən bir anlayış var. Bir insanın canı və malı təhlükəyə düşərsə, o, əqidəsini və düşüncəsini gizlədə bilər.
Dində ən yüksək məqamlardan biri də şəhadətdir. Fədakarlıq, cəsarət, mərdlik və bu kimi digər davranış nümunələri də kifayət qədərdir.
İlk baxışda təqiyyə bu məqamlarla ziddiyyət təşkil edir. Bəli, ziddiyyət var. Ona görə də bilməliyik hansı addımı harda atılmalıyıq. Məsələn, təqiyyə edəcəyimiz yerdə fədakarlıq etsək, ölsək, bəzi din bilicilərinin dediyinə görə, intihar etmiş oluruq. Şəhid olmalı yerdə təqiyyə etsək, yenə yanlış edirik.
Təqiyyəni harda etməliyik - sualı məncə çox aktualdır. Əvvəla deyim ki, təqiyyə, fədakarlıq və sair davranışlar dinin ümumi göstərişi deyil. Zaman, məkan və təsir imkanları əsasdır. Bir yerdə ki, həqiqəti deməklə canın və malın mənasız yerə xətərə düşür, o zaman təyiqqə etməlisən. Yəni, qanın boşuna axıdılırsa, malın mənasız sərf olunursa, təqiyyə edilməlidir. Qanın yüzlərlə insanın səadətinə, xoşbəxtliyinə, rahat yaşamasına səbəb olacaqsa, fədakarlıq edib şəhid olacaqsan, malından keçəcəksən. Şəhidlik bir nəfərin fiziki yoxluğu nəticəsində, digərlərinin rifahının yaxşılaşması, səadətə çatmasıdırsa, təqiyyə də mənasız və boş yerə qanın axıdılmaması və malı qorumaqdır.
Burda daha bir məqam da var. Təqiyyə qorxuya bəhanə ola bilir, əksər halda. Yuxarıda dediklərim iki seçim qarşısında veriləcək qərardır - təqiyyə (canı və malı xilas etmək), şəhidlik (candan və maldan keçib digərlərini xilas etmək). Bəzi halda canın və malın təhlükədə olduğunu bəhanə kimi göstərib, təqiyyə edənlər də var. Heç bir təhlükə olmadan həqiqəti gizlətmək, yaxud zalıma dəstək olmaq və sonra da təqiyyə edirəm demək, yaltaqlıqdır, (bəlkə də münafiqlikdir) ki, dində ciddi tənqid olunub.
Nəticə; dəyərli dindarlar, ruhanilər, adətən təqiyyə kimi etdiklərimiz kənardan yaltaqlıq kimi görünür. Kimsə, bizi məcbur edirmi qəsbkar rejimi dəstəkləyək? Heç bir vəzifə daşımayan, yaxud hansısa məsciddə axund olan şəxslərin qəsbkar rejimi mədh etməsi təqiyyə deyil. Bunu etməsək, nə baş verə bilər? Ən uzağı axundluqdan çıxaracaqlar, çıxarsınlar. Azərbaycanda axund olmaq bizə məhdudiyyətdən başqa nə verir?
Tamam, siyasi məsələlərə qarışmırıq, deyirsiniz, anlaşılır. O zaman həssas məqamlarda zalım İlham Əliyevi və qəsbkar komandasını təqdir etmək nə deməkdir? Xalq əziləndə, ilan kimi torpaq yalayanda, ac-susuz qalanda Məsumlardan (ə) səbir barədə hədislər döşədiyiniz kimi, başqa vaxtlar da təqvadan, Allah qorxusundan danışın. Kimsə məcbur edirsə, illa ki hakimiyyəti təqdir etməlisiz, oturduğunuz mənbərlərdən düşün. Taxta parçalarını boş buraxın. Elə etsəniz, sizin olduğunuz hər yer məscid olar, danışdığınız hər kəlmə ox kimi zalımın qəlbini deşər.
Yox, deyəcəksiniz ki, biz mənbərləri boş qoya bilmərik, Əhli-Beyt düşmənləri bizim yerimizi tutarlar... Narahat olmayın, yaxın keçmişdə 70 il sizdən daha elimli din alimlərini şəhid edib, mənbərlərini yandırdılar. Amma həmin mənbərlərin külü göyərdi. Çünki onlar həqiqətən Peyğəmbər mənbəri idilər, üzərində oturan şəxsiyyətlər də onları taxta parçalarına çevirmədilər.
Qərb və İslam düşmənlərinin əsas hədəfi dinimizi tam yox etmək deyil, mənbərləri kürsüyə, üstündə oturanları da məmura çevirməkdir. Sonra nə qədər namaz qılırıq, oruc tuturuq, həccə gedirik, gedək. Zatən, bunların istəyi də budur ki, biz günümüzü məsciddə keçirək.
Ayıq olaq, din siyasətə qarışmır, deyib dindarlardan istifadə edir hakimiyyət də, müxalifət də. Vəzifəmizi dəqiq müəyyənləşdirsək, təqiyyənin və fədakarlığın yerini və zamanını biləcəyik.
Allah bizə agahlıq nəsib etsin.

Cavid Cabbarlı

Oxunuş sayı 1547 dəfə
Şərh vermək üçün giriş edin
Top