Bazar ertəsi, 08 Aprel 2019 22:23

Maarifçi, din xadimi, söz adamı...

Fəzilətin, hünərin baqi qalmaq istərsən,

Bilikdə cəhd elə, kəsbi-hünərdən ar eləmə.

M.Füzuli
XIX əsrdən başlayan Azərbaycan maarifçilik hərəkatı XX əsrin əvvəlllərində demək olar ki, ölkənin bütün bölgələrdində öz nəticəsini verməyə başlamışdı. Əsasən, Avropa ölkələri, Rusiya, Türkiyə, İran, İraq və digər ərəb ölkələrində təhsil alan ədiblər, maarifçilər Azərbaycana qayıtdıqdan sonra Cənubi Qafqazın müxtəlif ərazilərində fəaliyyət göstərirdilər. 
Onların içərisində din xadimləri sayca daha çox idilər. Çünki Şərq ölkələrində təhsil alanlar əsasən dini təmayüllü mədrəsələrdə oxuyur, burada dini təhsillə yanaşı, dünyəvi təhsili də öyrənirdilər. 
Belə şəxslərdən biri də xalq arasında həm də "Mirzə Mahmud" kimi tanınan Molla Mahmudəli Əhmədəli oğlu idi. 
Molla Mahmudəli 1901-ci ildə keçmiş Lənkəran qəzasının (İndiki Lerik rayonunun Şivlə kəndi) Pürnəim nahiyyəsinin Şivlə kəndində sənətkar ailəsində doğulub. Atası Əhmədəli kişi Pürnəim nahiyyəsinin tənınmış, nüfuzlu, hörmətli ağsaqqallarından olmuş, övladlarını ləyaqətli vətəndaş kimi yetişdirmişdi.
Molla Mahmudəli ilk təhsilini kənddə, dövrünün seçilən şəxsiyyəti, şəriət elminin mükəmməl bilicilərindən olan Kərbəlayı Molla Həmid Hüseyn oğlundan alır. Burada "Qurani-Kərim”i öyrənir. 
Molla Həmid tələbəsinin pürsavad olduğuna sevinir və ona təhsilini Şərq ölkələrindən birində davam etdirməsini məsləhət görür. Əhmədəli kişi oğlunu təhsilli görmək istəyirdi. O, Kərbəlayı Molla Həmidin məsləhətini qəbul edərək təqribən 1916-cı ildə oğlunu Azərbaycanın qədim elm mərkəzlərindən olan Ərdəbil şəhərinə göndərir. 
Molla Mahmudəli Ərdəbildə və İranın bir neçə digər şəhərində 3 ilə yaxın təhsil alır. Ailəsi ilə görüşmək məqsədi ilə icazə alıb vətənə gəlir. 1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulduğundan İranla sərhədlər bağlanır və o bir daha geri qayıda bilmir. 
Sonralar öyrənir ki, qəzanın Dırıq nahiyyəsinin Zenonu kəndindən olan Şeyx Qələm (əsl adı Qulamrıza) axund da eyni vəziyyətlə üzləşib, şəriət elmini tədris elədiyi İraqın Nəcəf şəhərinə qayıda bilməyib, öz kəndində məskunlaşıb. 
Molla Mahmudəli təhsilini davam etdirmək üçün Şeyx Qələm axundun yanına gəlir. Burada o, ərəb, hind dillərini şeyxdən öyrənir və əsasən də İslam fiqhi və digər elmləri mənimsəyir.  
Əslində, ona "Mirzə Mahmud" ləqəbini də Şeyx Qələm axund verir. Molla Mahmudəli müəlliminin qayğısı, özünün səy və sevgilərilə dərin biliklərə yiyələnir.
30-cu illərin sonlarında Sovetlər ölkəsi xalqlar həbsxanasına çevrilir. 37-ci ildən başlayaraq Azərbaycanda da elm xadimləri, şairlər, sənət sahibləri kütləvi surətdə tutulur, sürgünlərə göndərilir. 
Molla Mahmudəli dostları tərəfindən böyük təhlükədən qurtarılır. Onların dəstəyi ilə Lerik rayon rabitə şöbəsində işə düzəlir. Az vaxt ərzində ən yaxşı işçi kimi hamıya nümunə olur, dağlıq rayonun rabitə xətlərinin həmişə işlək halda olmasının təminatçısı olur. 
1941-45-ci müharibə illərində rayon rəhbərinin və Rabitə şöbəsinin rəisi Ələkbər Şiriyevin təqdimat və səyi ilə Molla Mahmudəli üçün Müdafiə Nazirliyindən "bron” kağızı alınır və o orduya aparılmır. Bu o demək idi ki, arxa cəbhədə, rabitədə işləmək onun üçün cəbhə idi...
Müharibə illərində cəbhələrdən yaxınlarından "qara kağız”lar alır, lakin ağrılara dözür Mahmudəli kişi. Arxada əsgər ailələrinə yardımçı olmaqla özündə təsəlli tapır. Aldığı əmək haqqı ilə ailəsilə bərabər bir çox ailələrə kömək edir.
Müharibədən sonrakı illərdə xalq arasında olur. Şəriət alimləri ilə yaxından münasibət saxlayır. Mir Kərim axund, Şeyx Əhməd axund, Şeyx Qələm axund, Molla Hüseyn axund onun ən çox əlaqə saxladığı alimlərdən olur.
Eyni zamanda Molla Mahmudəli dövrünün tanınmış şəxsiyyətlərindən yazıçı Məmmədhüseyn Əliyev, professor Əyyub İsgəndərov, Qiyas Xəlilov və digər elm adamları ilə də dostluq əlaqələri saxlamışdır.
Kəndin və yaxın kəndlərin məclisləri onsuz keçmir, insanlara arxa-dayaq olurdu. Molla Mahmudəlinin çoxsaylı tələbələri olub. O, tələbələrinə Şərq əxlaq elmini, klassik ədəbiyyatı, Nizaminin "Xəmsə"sini, Sədinin "Gülüstan"ı, "Bustan"ı , Nəsirəddin Tusinin "Əxlaqi-Nasiri", "Qabusnamə", eyni zamanda hesab, coğragiya və astranomiyadan biliklər öyrətmişdir.
Həm şəriət bilicisi, həm yüksək əxlaqi dəyərlərə sahib insan kimi Molla Mahmudəli hər kəs üçün örnək olmuşdur. O, övladlarını da bu ruhda tərbiyə edib, iki oğlu onun müqəddəs işinin davamçısıdır. Oğlu Kərbəlayı Rizvan axund və Molla Bürhan xalq arasında böyük hörmət sahibidir.
Molla Mahmudəli 1994-cü ilin aprel ayında haqq dünyasına qovuşub.
Mövlanə Füzuli yazır ki, elmdə, əxlaqda üstünlük qazanmaq istəyirsənsə, bilik öyrənmək yolunda cəhd elə, öyrənmək hünərini özünə ar bilmə. Bu kəlam qiymətli xəzinədir. Bilik xəzinəsini doldurmaq insanı kamilləşdirir, əxlaqını saflaşdırır...
Xalid Mahmud
Oxunuş sayı 1172 dəfə
Şərh vermək üçün giriş edin
Top