Bazar ertəsi, 01 Aprel 2019 08:58

Bu gün İmam Museyi Kazimin (ə) şəhadət günüdür

Müsəlmanların 7-ci imamı hicri-qəməri tarixi ilə 182-ci ildə rəcəb ayının 25-də Abbasi xəlifəsi Harunun əmri ilə zəhərləndirilib

Bu gün İmam Museyi Kazimin (ə) şəhadət günüdür.

Müsəlmanların 7-ci imamı hicri-qəməri tarixi ilə 182-ci ildə rəcəb ayının 25-də Abbasi xəlifəsi Harunun əmri ilə zəhərləndirilib.

İmam Museyi Kazim (ə) hicri qəməri tarixi ilə 128-ci ildə Səfər ayının 7-də Məkkə ilə Mədinə arasında yerləşən Әbva adlı yerdə İmam Cəfər Sadiqin (ə) ailəsində dünyaya göz açıb. Onun anası Həmidə adlı xanım olub. 7-ci imam 54 il ömür sürüb və bu illərdən 35-ini müsəlmanlara imamlıq edib.

İmamın həyatının son dövrü zindanlarda keçib və elə şəhadətə də zindanda yetişib.

Maraqlı məqamlardan biri onun yerləşdirildiyi məhbəslərin 3 dəfə dəyişdirilməsindən ibarətdir. Buna səbəb isə həm Bəsrə, həm də Bağdad zindanlarının rəislərinin Harun ər-Rəşidə müraciətləri olub. Yüksək əxlaqı, imanı ilə imam zindandakılara o qədər təsir göstərmişdir ki, artıq onlar Peyğəmbər (s) övladını dəmir barmaqlıqlar arxasında qalmasının nə dərəcədə böyük cinayət olmasını anlamış, bu haqsızlığa şərik olmaqdan çəkinmişlər. Elə buna görə də Bəsrədən xəlifəyə belə bir ismarıc gəldi: “Onu geri al, yoxsa azad edəcəyəm!”.

Təbii ki, Harun bu minvalla hakimiyyətinin əsaslarının sarsılmasının qaçılmaz olacağını anlayırdı. İmamın haqq səsini boğmaq, onu Allahın müəyyət etdiyi yoldan döndərmək mümkünsüz idi. Nəticədə İmam Museyi Kazim (ə) məsum əcdadları kimi şəhid edildi.

İmam Museyi Kazimin (ə) Azərbaycanla da bilavasitə əlaqəsi vardır. Həzrətin qız övladları – Rəhimə xanım və Həkimə xanım Abbasilərin Əhli-beytə (ə) qarşı həyata keçirdikləri təqiblərdən və zülmlərdən xilas olmaq üçün məmləkətimizə pənah gətirmiş, həyatlarının qalan hissəsini burda yaşamışlar və bu torpaqda da dəfn edilmişlər.

Oxunuş sayı 1125 dəfə
Şərh vermək üçün giriş edin
Top