Cümə, 07 Dekabr 2018 01:17

Əvəz Zeynallının yeni layihəsi çox ziyanlı ola bilər

Qeyri-peşəkar ekspertlər yarıtmaz siyasi düşüncələrini dinə daşıyacaqlar!

"DİQQƏT YENİ LAYİHƏ!

Səhərki tarixdən - 07 dekabr 2018-ci ildən Qurban Məmmədovun sahibi olduğu AzerFreedom kanalında yeni veriliş başlayacaq. Mahiyyətinə görə ölkə mediasında ilk olacaq bu layihənin aparıcısı kimi dəvət alanda xeyli düşündüm və sonunda verilişi aparmağa razılıq verdim. Proqram çox vacib bir sahədən bəhs edəcək - Azərbaycanda islam dininin durumu və həyatımızda dinin təsiri. Düşünürəm ki, din mövzusu Azərbaycanın ən önəmli sahələrindən biridir və biz bu sahədə çox işləməliyik. Verilişin daimi ekspertləri Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu və sabiq Baş nazir Pənah Hüseyndir. Düşünürəm ki, gələcək proqramlarda Azərbaycanın ən tanınmış dini xadim və ekspertlərini də verilişimizdə görə biləcəyik. Bu proqram alınarsa, ölkədə bir ilki başarmış olacağıq. Allah utandırmasın!"

Tanınmış jurnalist Əvəz Zeynallı belə bir anons verib.

47433505 1970314056356419 1157971664592437248 nƏvəz bəy, mənim də hörmət etdiyim jurnalistlərdən və ictimai xadimlərdən biridir. Onun fədakarlığı və cəsarəti, eyni zamanda peşəkarlığı təqdir olunmalıdır, təqdir edirəm. Amma və lakin bu anonsda bir neçə məsələ diqqətimi çəkdi.

1. Dinin, xüsusən İslam dininin durumunu təhlil etmək və fikir söyləmək hardan qaynaqlanır? Təqribən 2 il əvvəl hörmətli Sərdar bəy mənə təklif etdi ki, (o zaman Kanal 13-də çalışırdım) Türkiyədə olduğu kimi gəl biz də „Cümə Söhbətləri“ adında verliş edək. Mən, rəhbərliklə danışaram, dedim. Sonra Sərdar bəylə dəfələrlə şəxsi söhbətlərimiz oldu, gördüm ki, Sərdar bəyin düşüncəsi dini mühitdə əvvəl nüfuz qazanmaq, sonra da söz sahibinə çevrilməkdir. Sərdar bəy dini ekspert kimi öz düşüncələrini yaymaq fikrində idi. Sonra bir neçə dəfə də nəticəni soruşdu… Əvəz bəyin anonsunda həmin söhbət yadıma düşdü və Qurban Məmmədovun kanalında belə bir layihənin baş tutacağını deyəndə, məsələnin hardan qaynaqlandığını təxmin etdim.

47287938 1970314153023076 7506173554191237120 n2. Dini mühiti təhlil etmək və dini maariflənmə ilə məşğul olmaq normaldır. Bunu mütəxəssislər edərsə, dövlətimiz və xalqımız üçün faydalı, qeyri-mütəxəssislər edərsə, ziyanlı olar. Əvəz bəy jurnalistdir, onun bu sahədə mütəxəssis olması vacib şərt deyil. Daimi ekspert kimi dəvət edəcəyi qonaqlar isə (Sərdar bəy və Pənah bəy) siyasətçidirlər. Sərdar bəy siyasətdən daha çox elm və “din“lə məşğul olduğunu iddia eləsə də, o sahələrdə hansısa peşəkarlığının şahidi olmamışıq. Heç bir dini təhsili olmayan və hətta ərəb əlifbasını bilməyən hörmətli Sərdar bəyin Qurana şərh yazmaq istəyini də anlamıram. (İddiasına görə, yazadığı şərh artıq çap olunmalıydı). Sərdar bəyin dini mövzularda etdiyi çıxışlarla əlaqədar iki tənqidi yazı yazmışam. İstəyənlər tapıb oxuya bilərlər. Pənah bəyə gəldikdə, onun sadəcə namaz qıldığı haqqında məlumatım var. Hər iki siyasətçiyə hörmət edirəm, amma heç birini ölkəni düşdüyü durumdan çıxara biləcək siyasətçi hesab etmirəm. Eyni zamanda hər ikisinin ölkənin bu vəziyyətə düşməsində paylarının olduğunu düşünürəm. Yəni, bu hörmətli şəxslərin dini təhlil edəcək proqramda daimi ekspert kimi dəvət olunmaları yanlışlıqdır. Ümid edirəm ki, Əvəz bəy qərarına yenidən baxacaq və yerində olmayan “ekspertləri“ daimi dəvət etməklə yanlışlığa sürükləməyəcək proqramı.

3. Bu proqramın yayınlanacağı kanal, son aylar ölkə gündəmində qarışıqlıq yaratdığı üçün daha populyar olub. Belə bir kanalda qeyri-peşəkar ekspertlərlə dini müzakirə açmaq, çox ziyanlı görünür.

4. Hörmətli Qurban Məmmədov ziddiyyətli davranışlarıyla bir çox şübhələrə səbəb olub. Onun rəhbərlik etdiyi kanalda dini müzakirələrin və təhlillərin aparılması, itirilmiş mövqeyinin bərpası üçün dindən istifadə etmək kimi dəyərləndiriləcək. Nəticə, heç də ürəkaçan olmayacaq. Zalıma və haqsızlığa qarşı dinin mövqeyi ortadadır. Dini vəzifəmizə əməl etsək, nə haqsızlıqla uzləşərik, nə də qəsbkar rejimin zülmünə tuş gələrik.

Cavid Cabbarlı

Oxunuş sayı 949 dəfə
Şərh vermək üçün giriş edin
Top