Çərşənbə axşamı, 14 İyun 2016 22:00

Bakı Şəhər Təhsil İdarəsində nə baş verir? - Sərxan Rzayevin “uğurlu” strategiyası

"Azərbaycanın təhsil sahəsində baş verən böhran heç kimə sirr deyil. Təhsil naziri Mikayıl Cabbarov nazir təyin ediləndən sonra müəyyən islahatları həyata keçirsə də, hələ də bu sahədə ciddi nailiyyət əldə olunmayıb". 

Bu barədə Arqument.Az-a daxil olan ilginc informasiyada bildirilir. 

Məlumata görə, təhsil nazirliyinin strukturunda çalışan bəzi insanların vəzifə səlahiyyətlərində sui-istifadə etmələri Mikayıl Cabbarovun komanda olaraq gördüyü müsbət işləri heçə endirir: "Məhz bu kimi təhsil məmurlarının neqativ əməllərinə görədir ki, bu ilin may ayının 22-də keçirilən qəbul imtahanlarında abituriyentlərin 86 %-i "2” qiymət aldı. 

Bundan əlavə, müəllimlərlərlə şagirdlərin davranış qaydalarında da çox ciddi problemlər var. Bəzən təhsil sistemində müəllim və şagirdlər arasında elə xoşagəlməz hadisələr baş verir ki, bunu sadəcə mətbuata çıxarmaq etik cəhətdən mümkün olmur. 

Müəllim və şagirdlərin davranış qaydaları müvafiq qanunlarla müəyyənləşdirilsə də bəzi təhsil ocaqlarında bu sadəcə formal xarakter daşıyır. Bu qanunların mexaniki olaraq daim işlək olunmasına məsul olan Bakı Şəhəri Üzrə Təhsil İdarəsinin Daxili nəzarət sektorunun fəaliyyəti demək olar ki, hiss olunmur". 

Məlumata görə, BŞTİ-nin daxili nəzarət sektoru bu cür qüsurların aradan qaldırılmasında heç də maraqlı görünmür: " Daha doğrusu, təhsil sahəsində çalışan müəllimlərin qanunsuz əməllərindən bu sektor "özünəməxsus” formada bəhrələnməyə çalışır. Daxili nəzarət sektorunun qanunsuz əməllərə yol vermiş müəllimlərə tətbiq etdikləri cəza üsulları iki fərqli formadadır". 

Arqument.Az-a verilən məlumata görə, öncə fəaliyyətində qüsura yol vermiş müəllim Sektorun müdiri Sərxan Rzayevin qəbuluna çağırılır: "Müəllimin yol verdiyi qüsurun müqyasından asılı olaraq sektor müdirinin qapısı kandarında saatlarla gözlədilir. Hətta deyilənə görə, elə müəllim olub ki, sektor müdirinin qapısı ağzında 4 saat gözləməyə məcbur edilib. Saatlarla gözlədilən "çp"  etmiş müəllimlər sonda sektor müdiri tərəfindən qəbul edilir". 

Məlumata görə, BŞTİ-nin Daxili Nəzarət Sektorunda bu qaydanı əvvəlki sektor müdiri Rövşən Abdullayev qoyub: "Qeyd edək ki, sonradan Rövşən Abdullayevin bu əməyi "qiymətləndirilərək” yuxarı vəzifəyə - nazirliyə təyinat aldı. Ancaq onu da qeyd edək ki, bu sektorda baş verənlər heç də tamamilə mənfi çalarlardan ibarət deyil. Daha doğrusu, bu sektora - müdir Sərxan Rzayevin qəbuluna çağırılan müəllimlərlə baş verənlərin sonu "indeyski” filmlərdə olduğu kimi "xoşbəxtliklə” başa çatır. Belə ki, cəzalandırılmağa və yaxud baş vermiş neqativ hadisənin mahiyyətinin tam aydınlaşdırılmağı üçün sektora çağırılan müəllimlərin əksəriyyəti ilə "sülh” əldə edilir. Əldə edilən "sülh”ün detalları isə ictimaiyyət üçün çox vaxt sirr olaraq qalır". 

Məlumata görə, Sərxan Rzayevin bu "uğurlu” strategiyası nəticəsində hazırda Daxili Nəzarət Sektoru BŞTİ-nin ən gəlirli sektoruna çevrilib. Hətta deyilənlərə görə, digər sektorda çalışanlarış bəziləri bu sektora transfer olmaq üçün müəyyən çabalar  göstərirlər. 

BŞTİ-nin və eləcə də idarənin Daxili Nəzarət Sektorunun fəaliyyəti haqqında araşdırmalarımız davam edir. 

Qarşı tərəf də məsələ ilə bağlı münasibətini sərgiləyə bilər.

Oxunuş sayı 1263 dəfə
Şərh vermək üçün giriş edin
Top