Bazar ertəsi, 13 İyun 2016 22:00

Jurnalistika yoxsa qarayaxma - Xalid Mahmud yazır

Jurnalistikanın əsas məqsədi cəmiyyətdə, ictimai-siyasi həyatda baş verən neqativ halları araşdırıb, ictimailəşdirməkdir. Bu, jurnalistikanın əsas işi və vəzifəsidir. Yəni bu işi öhdəsinə götürən şəxs hər kim olursa olsun, ilk öncə öz vicdanı qarşısında hesabat verməyi bacarmalıdır.

Baxaq görək bugünkü jurnalistikamız günün tələblərinə cavab verirmi? Təbii ki, ürək ağrısıyla (çoxluq etibarilə) yox demək məcburiyyətindəyəm. Düzdür, bu peşəni şərəf və ləyaqətiylə təmsil edənlər də çoxdur. Ancaq təəssüflə qeyd etməliyəm ki, bir çoxları əlinə qələm götürüb ya idarə və təşkilatların qapılarını gəzərək “nəzir” yığır, ya da hansısa ucqar rayonda oturub yerli icra orqanlarından “danos” yazıb göndərən birinin məktublarını çap etməklə məşğuldur.

Ucqar rayon demişkən, elə bu yazını da yazılmasının səbəbi məhz bu amillərdir. Belə ki, ucqar dağ rayonu olan Lerikin Təhsil Şöbəsinin müdiri Balaşirin Nəsirovun məruz qaldığı haqsızlıqların əsassız qarayaxma olduğunu görməmək mümkün deyil.

Balaşirin Nəsirov Universiteti bitirdikdən sonra uzun müddət kənd məktəblərinin birində ixtisası üzrə müəllim işləyib. İctimai işlərdə fəallığı ilə seçilib. Hələ keçmiş sovetlər birliyi dövründə Lerik rayonunda nəşr olunan “Bolluq uğrunda” qəzetində onun fəaliyyətini əks etdirən məqalələr dərc olunub. Müəllim işlədiyi dövrdə nə onun “saxtakarlığı”, nə də “rüşvətxorluğu” barədə heç kim heç nə yazmayıb. Çünki rayonda vicdanla işləyən və işinin peşəkarı olan şəxslərdən olub.

Bu günün özündə də dövrü mətbuatda elmi, bədii, publisistik yazıları ilə çıxış edir. Rayonun sayılıb-seçilən qələm adamlarından sayılır.

Bir neçə il bundan öncə B.Nəsirov rayon təhsil şöbəsinin müdiri vəzifəsinə təyin olunub. Bu vəzifəyə təyin olunduqdan sonra bir neçə adam, daha doğrusu, vəzifə və kreslo iddiasında olan bəzi "danosbaz"lar onunla bağlı qarayaxmalara başlayıb. Bu qarayaxmalar o qədər intensivləşib ki, sanki bütün ölkənin təhsil sistemini bərbad günə qoyan Balaşirin Nəsirovdur. Amma vicdanı olan hər kəs bilir ki, Balaşirin müəllim vəzifəyə təyin olunduğu gündən rayonun təhsilində bir çox uğurlara imza atıb, xeyli neqativ halları aradan qaldırıb, hər kəsə qarşı ədalətli davranıb.

Məhz onun vəzifədə olduğu müddətdə rayondan olan xeyli gənc ölkənin və xaricin ən tanınmış, prestijli universitetlərinə qəbul olunub, test imtahanlarında yüksək nəticələr əldə edib.

Təhsildəki neqativ halları tənqid etmək olar. Yazının əvvəlində də qeyd etmişdim ki, jurnalistikanın əsas vəzifəsi cəmiyyətdə, ictimai və siyasi həyatda baş verən neqativ halları üzə çıxararaq ictimailəşdirməkdir. Amma ictimailəşdirərkən kiminsə şəxsi həyatına müdaxilə etmək olmaz. Tənqid olunan şəxs kim olursa olsun. Əgər kiminsə şəxsi həyatı müxaxilə olunursa, bu artıq jurnalistika yox, mədəniyyətsizlikdir, qanunla da yolverilməzdir.

Ümumiyyətlə götürdükdə, ölkənin təhsil sistemi heç də ürəkaçan səviyyədə deyil. Neqativ hallar kifayət qədərdir. Ancaq bütün bunları bir və ya bir neçə şəxsin üzərinə yıxmaq insafsızlıqdır. Və həm də yalan və təhqir dolu ifadələrlə. Həmin yazılara baxanda isə ancaq bir şey görürsən: eyni sözlər, ifadələr, təhqir dolu cümlərlər ardıcıl olaraq hər yazıda əksini tapır. Yəni fakt və sübut yoxdur, ortada böyük bir şəbədə, uydurma, saxta, qərəz və yalan var...

Müəllifin biri yazır ki, Balaşirin Nəsirov yaşı ötmüş müəllimlərdən 1000 manat pul alaraq onları məktəbdə saxlayır. Baxın, olkəmizdə müəllimin aldığı əmək haqqı 150 manat civarındadır. Bu rəqəmi də 1 ilə vuranda, müəllimin illik maaşı 1800 manata bərabər olur. İndi deyin görək, hansı müəllim 800 manata görə 1000 manat verəcək? Və üstəgəl bir il əziyyət çəkərək. Əlbəttə ki, heç kim… Bu boyda yalanı ancaq hansısa vəzifə iddiası, şəxsi qərəzi olan şəxslər uydura bilər, necə ki uydurublar.

Və ya başqa bir iddiasında yazır ki, guya Balaşirin Nəsirov bu vəzifəyə gəlmək üçün 55 min manat rüşvət verib. Adama sual verərlər ki, sən yanında idinmi? Bu boyda vicdansızlıq haradan qaynaqlanır? Bunu sübut etməyə faktın varmı? Sabah məhkəmədə, qanun qarşısında cavab verə biləcəksənmi? Bütün bu "reket" düşüncə Zərdabi ənənələrinə, Milli mətbuatın adına xələl gətirən haldır.

Maraqlı məqam ondadır ki, bu "danosları" yazanlar bir cümləlik olsa belə, təhsilin uğurlarını qeyd eləmirlər. Bu söz oğrularının əməlləri isə bir gün özlərinin qarşısına çıxacaq. Onlar yalansız yaşaya bilmədikləri kimi, yalan da onların həyat simvoluna çevrilib. Çünki onların bir məramı var: yalanla qazanmaq. Amma unudurlar ki, yalan ayaq açır, amma yerimir və yalanın bu günü olur, sabahı yox...

Çalışın sabahsız yaşamayın!

Xeber.İnfo

Xalid Mahmud

Oxunuş sayı 1383 dəfə
Şərh vermək üçün giriş edin
Top