Bazar ertəsi, 06 İyun 2016 22:00

Malik Həsənov İlham Əliyevə qarşı - Dosye

Deputat Malik Həsənovun MTN əməliyyatında adının hallanması işini mürəkkəbləşdirib.

Vizual.az-ın xəbərinə görə, Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənovun qardaşının millət vəkili seçilməsində MTN xəttinin olması haqda iddiaların tirajlanması ölkə rəhbərliyinin diqqətinə çatıb. Artıq prezident yanında nüfuzunu və etimadını itirmiş Kərəm Həsənovun səlahiyyətlərinin də azaldılmasından sonra növbənin deputat qardaşına çatacağı istisna olunmur.

Digər qardaşı - Şahin Həsənovun MTN-də vəzifə tutması, Malik Həsənovun isə MTN şefi Eldar Mahmudov sayəsində parlamentə yol tapması dövlət rəhbərliyinin masasına qoyulan dosyedə yer aldığı bildirilir. Vizual.az xəbər verir ki, Malik Həsənovun adının prezident İlham Əliyevə qarşı iş aparanların siyahısında yer alması deputatın taleyinin keçmiş həmkarı Çingiz Əsədullayev kimi olacağı ehtimalını yaradıb. 

Xatırladaq ki, Kərəm Həsənov və Məhəmməd İmanovun MTN-lə ciddi əlaqələrə malik olmasına dair xeyli məlumatlar yayılıb. Belə ki, komitə sədrinin sabiq nazir Eldar Mahmudovla şərikli biznesinin olması, qardaşı Malik Həsənovun keçmiş MTN şefi tərəfindən 2010-cu ildə deputat seçilməsi, habelə digər qardaşı Şahin Həsənovun MTN-də şöbə rəisi təyin edilməsi, eyni zamanda qudasının da MTN-də Baş İdarələrdən birinin rəisi müavini olduğu artıq təsdiqini tapıb.

Məhəmməd İmanova gəldikdə isə onun MTN-in İstintaq Baş İdarəsinin rəis müavini Babatovla yaxın əlaqələrə malik olduğu da gizli olmayan məsələlərdəndir. Həmçinin İmanovla Həsənovun MTN-ə sahibkarların əmlakları barədə geniş məlumatlar verdiyinə dair də iddialar var.

Yazıda adları keçən şəxsləri də dinləməyə hazırıq.

Oxunuş sayı 1706 dəfə
Şərh vermək üçün giriş edin
Top