Çərşənbə, 13 Mart 2019 21:30

''Orada məni döyürdülər, mənə qarşı əxlaqsız hərəkətlər edirdilər''

Narkoloji Mərkəzi yandırmaqda ittiham olunan Məhəmməd Məmmədov: ''Bandotdel"də məni döyən polisləri bura çağırın''

Respublika Narkoloji Mərkəzində 25 nəfərin öldüyü, daha 29-nun xəsarət aldığı yanğınla bağlı məhkəmə araşdırmaları davam edir.

Martın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə hakim Azər Paşayevin sədrliyilə keçirilən prosesdə hadisəni törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin əməkdaşlarının məhkəməyə çağrılıb dindirilməsi barədə vəsatət qaldırıb: "Bandotdel"də məni döyən polisləri bura çağırın".

1954-cü il təvəllüdlü M.Məmmədov bildirib ki, yanğını o törətməyib: "Məni əvvəl Xətai polisində, sonra da "bandotdel"də döyə-döyə boynuma qoydular".

Bu məhkəmə prosesi ötən ilin iyulundan gedir. Hələ ilk iclaslarda da M.Məmmədov bildirirdi ki, oğlunun onun evini ələ keçirmək məqsədilə rüşvət verib illərlə Narkoloji Mərkəzdə saxlatdırması, sonuncu dəfə saxlanma müddəti martın 1-də başa çatsa da buraxılmaması, tibb bacısı ona vaxtın uzadıldığını deyəndən sonra ayın 2-nə keçən gecə özünü öldürmək məqsədilə yorğanı yandırması, sonra isə fikrini dəyişib yanan yorğanı yerə atması haqda ifadəyə işgəncə altında imza atıb: "Orada məni döyürdülər, mənə qarşı əxlaqsız hərəkətlər edirdilər".

Hakim bildirib ki, onun işgəncəyə məruz qalması barədə şikayətlərindən sonra məhkəmə prokurorluğa məktub göndərib. Bir müddət əvvəl prokurorluqdan cavab gəlib. Bildirilib ki, M.Məmmədovun işgəncə şikayətilə əlaqədar araşdırma aparılıb, polislər dindirilib, onun söylədikləri təsdiqini tapmayıb. Ona görə də işgəncə şikayəti üzrə cinayət işi başlanması rədd olunub.

Məhkəmədə yanğın başladığı vaxt ilk şahidlərdən olan Nail Talıbov da dindirilib. O bildirib ki, həmin vaxt səhər ayaqyoludan qayıdanda 15-ci palatanın açıq qapısından "kömək eləyin" qışqırığını eşidib. Otağa daxil olanda orada müalicə olunan Mahirin əlində yanan yorğanı görüb. Mahir yorğanı söndürməyə çalışırmış: "Yorğanı qaldıranda döşək də tüstülənirdi. Öz otağımızda qabda su vardı, qaçıb onu gətirdim. Amma söndürmək mümkün olmadı".

Cinayət işinin materiallarında iddia olunur ki, yanğın M.Məmmədovun saxlandığı 14-cü palatada baş verib.

Şahid N.Talıbov isə bildirir ki, o, yanğını 15-ci palatada görüb. Yanğının həmin vaxt 14-cü palatada başlayıb, 15-ə keçməsinə gəlincə, deyib ki, o, həmin vaxt divarda alov görməyib.

M.Məmmədov bildirib ki, hadisəni onun üzərinə yıxmaq üçün yanğının onun olduğu palatadan digər otağa keçməsi versiyası ortaya atılıb: "Məni kimsəsiz görüb, boynuma yıxmaq üçün uydurublar onu".

Məhkəmə vəkillərin vəsatəti əsasında həmçinin yanğınla bağlı rəy vermiş ekspertin də məhkəmədə dindirilməsinə qərar verib.

Məhkəmə prosesi martın 19-na qədər təxirə salınıb.

Narkoloji Mərkəzdə “alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları” diaqnozu ilə müalicə almış Məhəmməd Məmmədov Cinayət Məcəlləsinin 120.2.4 (ümümi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə), 120.2.9 (köməksiz vəziyyətdə olan adamı öldürmə) və 186.2.2-ci (yandırmaqla özgə əmlakını qəsdən məhv etmə) maddələri ilə ittiham olunur. Əvvəlcə o, həbs olunub. Daha sonra Mərkəzin direktoru Telman Məmmədhəsənov, mühəndis Mahir Abdullayev və şöbə müdiri Azad Ələkbərov həbs olunub. Hər 3 şəxs barəsində CM-nin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə - ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.

Başqa bir şöbə müdiri Afət Məmmədova isə həbs olunmasa da, onun da barəsində cinayət işi başlanıb, CM-in 311-ci (rüşvət alma) maddəsilə ittiham elan olunub.

A.Ələkbərovun səhhətində problemlər olduğu üçün onun barəsindəki cinayət işi ayrılıb. O, sentyabrın 28-də vəfat edib.

Təqsirləndirilən şəxslər ittihamları qəbul etmir. M.Məmmədov bildirir ki, yanğını o törətməyib, ailəsi tərəfindən atıldığını və kimsəsiz olduğunu görüb, işgəncə ilə boynuna qoyublar.

Oxunuş sayı 1198 dəfə
Şərh vermək üçün giriş edin
Top