Bazar ertəsi, 04 Mart 2019 19:47

Fasidləri İran hökumətində axtarmalısız

Paşinyanın İran səfəri ilə bağlı bəziləri məsələni yanlış yerə aparırlar, ciddi qarşıdurma yaradan ittihamlar, təhdidlər və sair edirlər. Məsələnin mahiyyəti qalır bir yanda, bunlar kimlərisə Qarabağı satmaqda ittiham edir, Rəhbərə qarşı insanları imansızlıqda suçlayırlar.
Bu səfərdə narazılıq yaradan iki hal var idi - səfərin Xocalı Soyqırımı günlərinə təsadüf etməsi və görüş zalında "Qarabağ Ermənistanındır" şuarı asılması. Biz də bunlara etiraz edir, rəsmi Tehrandan açıqlama istəyirdik. İran Xarici İşlər Nazirliyi də dünən məlum şuarın yanlış olduğunu bildirdi.
Görüşə gəldikdə, heç kim hüquqi və siyasi baxımdan İrandan tələb edə bilməz ki, Ermənistanla əlaqə qurma, gediş-gəliş etmə. Ermənistan işğalçıdır, İran da şiə adını qorumağı iddia edən güclü və tarixi keçmişə malik olan bir dövlətdir. Bizim umacağımız odur ki, heç olmasa matəm günlərimizdə İran bizi matəmə batıran Ermənistana dostcasına sarılmasın. Çoxmu şey istəyirik?!
Dediyimiz kimi, məlum səfər bir neçə gün əvvəl ya sonra olsaydı nə dəyişəcəkdi və yaxud İran nə itirəcəkdi?
Hə, deyirsiniz ki, Azərbaycan İsraillə dostluq edir, İran da Ermənistana qucaq açıb. Bu, çox yanlış məntiqdi və qüsurlu müqayisədir. İsrail rejimi İranı işğal etməyib, vətəndaşlarını qətlə yetirməyib, ermənilər isə bizim hamilə analarımızın qarnından süngü ilə körpəsini parçalayıb çıxarıb. İkincisi, İran deyə bilər ki, İsrail fələstinliləri öldürür, xub. Niyə Fələstində öldürülən sünni müsəlman İran üçün çoox əzizdir, Qarabağda öldürülən şiə müsəlmanın heç xətri yoxdu? Hətta siyasi inadkarlıq edib qatil rejimin başçısını təntənə ilə qarşılayır?
Qardaşım, biz deyirik ki, Xocalı harayımıza hörmət edin, çoxmu şey deyirik? Siz isə bizi İran İslam Respublikasının ali dini liderinə (Rəhbərə) qarşı fəsad etməkdə suçlayırsız. Bu məsələdə həqiqətən fəsad varsa, fasidləri İran hökumətində axtarmalısız. Çünki səfərin təşkilatçısı sizsiniz, hadisələr də İranda baş verib.
Sonuncusu, Azərbaycan-İsrail münasibətləri ilə İran-Ermənistan münasibətləri eyni deyil. Azərbaycan neftini İsrailə satır, İsrail də Azərbaycanı əlaltısı edib, qarşılıqlı tərəfdaş kimi deyil, qulluğa göndərəcəyi zəif və çarəsiz uşaq kimi baxır. Bunun səbəbləri başqadır. Azərbaycan hökuməti yanlış edir, dövləti təslimçi vəziyyətə salır, tam başqa mövzudu. Lakin deməliyəm ki, İsraillə dostluq edən hökuməti iqtidara elə İran gətirib. Heydər Əliyev Naxçıvanda İran nümayəndələri ilə separat danışıqlara gedib, İranın uçağı ilə Bakıya gəlmişdi.
Əlqərəz, məsələləri qarışdırmayın, cənablar! Çox şükür ki, İran xeyli inkişaf edib, zəngin dövlətçilik tarixi var, regionda güc sahibidir. Azərbaycanın durumu ortada. Əgər İran Azərbaycan-İsrail münasibətlərinə adekvat cavab vermək məqsədilə belə edirsə, sizcə, düz edir?
Ən sonda bildirim ki, məni bu düşüncəmə görə heç kim ittiham edə bilməz. Çünki mən Rəhbərin müqəllidiyəm, bütün dünyamı və axirətimi Rəhbərin şərii qərarlarına etibar edirəm.

Cavid Cabbarlı

Oxunuş sayı 1357 dəfə
Şərh vermək üçün giriş edin
Top