Cümə, 25 Yanvar 2019 15:17

Xocalıda həlak olanın xanımı ''Azəriqaz''dan şikayətçidir

''Qazımızı borc adı ilə kəsiblər''

Goranboy rayonunun Ağcakənd qəsəbəsində yaşayan Mehriban Bəkirovanın 612 manat borcu olduğu üçün qazını kəsiblər.

“Sonsuz dəhliz” filminin qəhrəmanı, Xocalı faciəsindən sonra 10 gün Ermənistan ordusunun əsirliyində olan Mehriban Bəkirovanın həyat yoldaşı Abdulla Həmzəyev 1992-ci ildə Xocalıda həlak olub.

Bu barədə Meydan TV-yə danışan Mehriban Bəkirova bildirib ki, 2010-cu ildə Ağcakənd qəsəbəsində yerləşiblər və həmin vaxt onlara qazın pulsuz olduğunu demişdilər:

“Şəhid həyat yoldaşıma görə 254 manat müavinət alıram. Ancaq bu vəsaitlə ailə saxlamaq, kommunal xərcləri ödəmək, dərmanların pulu və digər xərcləri ödəmək qeyri-mümkündür. Sonuncu dəfə 50 manat ödəyə bilmişəm. Yerli qaz idarəsinə dəfələrlə müraciət etmişəm ki, boru xəttinə gəlib baxsınlar, çünki 612 manatlıq qaz işlətməyimiz çox şübhəlidir. Söz versələr də, yerinə yetirmədilər, sadəcə, qazımızı kəsib gediblər. Qışın soyuğunda qazsız qalmağı təsəvvür etmək çətindir, nəvələrim donur, yemək qızdırmaqda çətinlik çəkirik”.

“Azəriqaz” İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr rəsmisi İbrahim Kərbalıyev bildirib ki, Mehriban Bəkirova Mərkəzi İdarəetmə Aparatına və Regional Qaz İstismar İdarəsinə rəsmi müraciət etməlidir və yalnız bundan sonra müraciət araşdırılıb tədbir görüləcək.

Oxunuş sayı 1310 dəfə
Şərh vermək üçün giriş edin
Top