Cümə axşamı, 03 Yanvar 2019 18:49

Gənclər Mehman Hüseynova dəstək kampaniyasına başladılar

Gənclər Mehman Hüseynova dəstək kampaniyasına qərar veriblər. 
 
Bu barədə gənc aktivist Mete Türksoy feysbukda yazıb.
 
O bildirib: "Bildiyiniz kimi MehmanHüseynov yenidən şərlənərək həbsinin uzadılmasıyla əlaqəli olaraq neçə gündür ki, aclıq aksiyası keçirir. Bizlər isə sosial şəbəkədə sadəcə şəkil paylaşmaqla kifayətlənirik, hər kəs də kimdənsə bir şeylər umur, amma özü heç nə etmir".
 
"Mən bütün təşkilati məsuliyyəti öz üzərimə götürürəm və sizləri 6 yanvar saat 15:00 da Bakı Apellyasiya məhkəməsi önündə toplaşmağa dəvət edirəm. Bu təkcə Mehmanın məsələsi deyil, bu haqq səsini çıxaran hər bir azərbaycanlının məsələsidir. Əgər bu məsələdə də birlik olmayacağıqsa, günahkar özümüzük demək", - M. Türksoy qeyd edib.
 
Mehman Hüseynov 2017-ci il martın 3-də Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 2 il azadlıqdan məhrum edilib.
 
Bloger Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin şikayəti əsasında həbs edilib.
 
Həbs müddətinin bitməsinə iki ay qalmış, Mehman Hüseynova qarşı yeni ittihamlar irəli sürülüb.
 
Penitensiar Xidmətin mətbuat xidmətinin yaydığı məlumata əsasən, dekabrın 26-da 14 saylı Cəzaçəkmə Müəssisəsində insident yaşanıb.
 
Məlumata görə, bloger müəssisənin Rejim-nəzarət şöbəsinin böyük inspektoru, ədliyyə leytenantı Əli Ələddin oğlu Abdalovun qanuni tələblərinə tabe olmayaraq, ona qarşı zor tətbiq edib, fiziki müqavimət göstərərək sonuncuya bədən xəsarəti yetirib, xidməti otaqda olan əşyaları dağıdaraq sındırıb.
 
Məlumatda bildirilir ki, Mehman Hüseynovun üzərində axtarış aparılan zaman saxlanılması qadağan olan 461 manat məbləğində pul aşkar edilərək götürülüb.
 
Faktla bağlı Cinayət Məcəlləsinin 317.2-ci maddəsi (Cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının əməkdaşına qarşı həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etmə) ilə cinayət işi başlandığı bildirilir. Bu maddə 5 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

 

Oxunuş sayı 906 dəfə
Şərh vermək üçün giriş edin
Top