Çərşənbə, 22 Mart 2017 21:00

Taleh Ziyadov ilkə imza atır, baş redaktoru məhz yazıya görə tutdurur - Absurd

Dövlət məmuru olan T.Ziyadov prezidentin siyasətinə zidd gedərək, ölkə başçısını özünə dost bilən bir mətbuata basqı göstərir, baş redaktorunu qandalladıb həbsə göndərmək istəyir. 

Azərbaycanda söz azadlığının imicinə zərbə vurmağa çalışan və beynəlxalq aləmdə tənqidlərə zəmin yaradan T.Ziyadov Anaxeber.az saytının baş redaktoru Azər Talıbovu tutdurmaq iddiasındadır.

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Anaxəbər.az saytına qarşı cinayət işi açıb. İddiada göstərilir ki, sayt Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə bağlı kommersiya sirrini yayıb.

Həmin “sirr”in bir jurnalist təhqiqatı olduğunu nəzərə almayıb, təftiş aparıb T.Ziyadovun əməlləri barəsində ölçü götürmək əvəzinə jurnalist məhşər ayağına çəkilir. Sanki hansısa hərbi sirr və ya dövlətin dayaqlarını sarsıdan bir işin üstü açılıb.

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı rəhbərinin özbaşına əməlləri faktlarla isbat edilib və bundan qəzəblənən T.Ziyadov acizlik nümayiş etdirərək təzyiq rıçaqlarını işə salıb.

Baş limançı baş redaktoru tutdurmaqdansa, həmin faktlara münasibət bildirməliydi, aydınlıq gətirməliydi. Amma jurnalist təhqiqatı kommersiya sirrinin üstünün açılması kimi qələmə verilərək bir populyar elektron media orqanına qarşı cinayət işi başlanır.

Prezidentin fəaliyyətinə, mətbuatla bağlı siyasi kursuna daban-dabana zidd fəaliyyət göstərən T.Ziyadov Azərbaycanın dünyada növbəti dəfə tənqid atəşinə tutulmasına şəriat yaradır. Ölkə başçısının jurnalistlərlə dostluq etməsi bir yana, İ.Əliyev həmişə bəyan edib ki, jurnalist yazdıqlarına görə həbs olunmamalıdır.

Hətta bu günə qədər tutulan jurnalistlərin hamısı ayrı-ayrı ittihamlarla (narkotik, xuliqanlıq, intihar həddinə çatdırma və s.) mühakimə edilib.

Amma T.Ziyadov bir ilkə imza ataraq Azər Talıbovu məhz yazısına görə həbs etdirməyi qarşısına məqsəd qoyub. Bu da işin həm beynəlxaq aləmdə, həm ictimai rəydə biabırçı sonluğudur.

Qeyd-şərtsiz beynəlxalq təşkilatlar, media qurumları, ayrı-ayrı nüfuzlu QHT-lər A.Talıbovun məhz yazıya görə həbs olunması barədə bəyanatlar verəcək, bu qərarı sifariş və media azadlığının boğulması kimi qiymətləndirəcək.

Belə bir rüsvayçılığa gedən, prezidenti saymayan, islahatların getdiyi, 1-ci vitse-prezidentin təyin olunaraq yeni idarəçilik sisteminin gəldiyi bir zamanda T.Ziyadovun A.Talıbovu yazıya görə dəmirbarmaqlıqlar arasına göndərmək hikkəsi ona baha baş gələcək.

Siyasi iqtidardan icazəsiz addım atan, Azərbaycanın imicini Avropada yerdən yerə vurmağa hazırlaşan Bakı Beynəlxalq Dəniz Ticarət Limanının direktoru yaxşı olar ki, qurumun adına adekvat olaraq beynəlxalq aləmdə jurnalist tutdurmaqla yox, gördüyü işlərlə tanınsın, ad çıxarsın.

Jurnalisti yazısına görə tutdurmaqla tarix yazmaq ərəfəsində olan T.Ziyadov belə bir absurd əməlinə görə, A.Talıbovu dünyanın tanınmış jurnalistlərindən birinə çevirəcəyinə də əmin olsun.

Görünür, onun siyasi dünyagörüşü və media barədə bilikləri dar çərçivədə məhdudlaşır və qisas hissi ilə yaşayan bir məmur üçün hansı nəticələr verəcəyini hesablamır.

Əlbəttə, bu yaxşılığı A.Talıbova beynəlxalq aləmdə böyük nüfuz qazandıracaq və T.Ziyadovla bərabər siyasi hakimiyyətə tənqidlər yönələcək.

İqtidara isə indi bir baş redaktorun həbsi, Avropadan tənqidlərin gəlməsi ilin-günün bu vaxtında heç də lazım deyil. Axı dövlət qurumunun hansı kommersiya sirri ola bilər ki, mediadan və ictimaiyyətdən gizlədir?!

Dövlət qurumunun borcudur ki, fəaliyyətində şəffaflığı təmin etsin, xərclənən vəsaitlər barədə ictimaiyyətə və media hesabatlar versin, jurnalistlərin bu haqda sorğularını cavablandırsın.
Əslində, Anaxeber.Az-ın yaydığı korrupsiya faktını qurum rəhbərliyi araşdırıb aydınlıq gətirsin. Əfsus ki, T.Ziyadov rəhbəri olduğu dövlət qurumunu kommersiya obyekti kimi təqdim edib.

Qeyd edək ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı dövlət qurumudur və Anaxeber.Az-ın yaydığı məlumat kommersiya sirri deyil, məhz korrupsiya faktıdır.

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin vəzifəsi isə bu korrupsiya faktını araşdırmaqdan ibarət olmalıdır. A.Talıbovun dediyi kimi, hazırda bunu əksini müşahidə edirik.

Yada salaq ki, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC Anaxeber.az saytında bu qurum haqqında dərc olunan yazılara görə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edib və burda şikayət əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 202-ci maddəsi (Kommersiya və ya bank sirri olan məlumatları qanunsuz yolla əldə etmə və ya yayma) ilə cinayət işi qaldırılıb.

Ortada korrupsiya əməli, bu korrupsiyanı təsdiqləyən sənəd və araşdırılası ünvan varsa, hər halda Baş prokurorun yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi bunu araşdırmalıdır. Xatırladaq ki, A.Talıbov açıqlamasında bunları söyləyib.

“Mən bir neçə dəfə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə çağrılmışam və ifadə vermişəm. Məlumatlar da, onların əldə olunması da və bu məlumatların həqiqəti əks etdirməsi də açıqdır, istintaqa şikayətçi tərəf də bəllidir”,-deyə baş redaktor vurğulayıb.

Oxunuş sayı 1925 dəfə
Şərh vermək üçün giriş edin
Top