Çərşənbə, 18 Yanvar 2017 21:00

Ömür nərdivanının 71+1-ci pilləsi - TƏBRİK

Qədəmləriniz mübarək, cənab Hüseynovlar!

Cəhalət adlı yırtıcı və dağıdıcı düşməndən qurtulmaq üçün təhsil və elm ziyasına sarılmaq zəruridir. Elm və təhsil bütün qaranlıqları parçalayan, buxarlandıran və işıqlandıran yeganə vasitədir. Ulu Yaradan şəhidi cəmiyyət üçün nemət və örnək hesab edirsə, İslam Peyğəmbəri (s) alimin mürəkkəbini şəhidin qanından üstün bilir. Ömrünü cəmiyyətin maarflənməsinə, savadlanmasına həsr edənlər isə peyğəmbərlik qədər müqəddəs, şərəfli MÜƏLLİM adı daşıyırlar. Gənc yaşlarından müəllimlik peşəsinin çətinliyini və məsuliyyətini çiyinlərinə alan, şərəf və ləyaqətlə bu peşənin öhdəsindən gələn Qələmirzə Hüseynov bu gün ad gününü qeyd edir. Günlərin acısını aylara, ayların çətinliyini illərə calayaraq, iztirablı ömür qatarının 71-ci dayanacağına bərəkətli qədəmlərini qoydu Qələmirzə müəllim. Bu qədəmlər Qələmirzə müəllimi zirvəyə qalxan iztirablı, enişli, yoxuşlu cığırlarla müdrik və ahıl çağına daşıdığı üçün həm də mübarəkdir.

 Qələmirzə müəllim peşəsində sədaqətli, ətrafındakılara qarşı mehriban olmaqla yanaşı, həm də qayğıkeş, milli dəyərlərə hər zaman istinad edən layaqətli ailə başçısıdır. Azərbaycan cəmiyyəti üçün minlərlə şəxsiyyətə çevrilən vətəndaş yetişdirdiyi kimi, Ramil kimi oğul da böyüdüb. Mən tam məsuliyyətlə deyə bilərəm, Qələmirzə müəllimi arxada qoyduğu illərin hər küncündə xoş xatirələr və qayğıkeş baxışlar müşahidə edir.

70 yaşın keyfini unutdura bilən bir hadisə məhz bu günə təsadüf etməklə sevinc mehi Qələmirzə müəllimin simasında təbəssüm torlarını toxuyub. Rəbbim dəyərlər zəncirindən hörülmüş, sevgi, qarşılıqlı hörmət rənginə boyanmış və səmimiyyət səmasında məskunlaşmış ailəyə bir oğlan uşağı bəxş etdi bu gün. Qələmirzə müəllimin oğlu Aqilin bir oğul övladı gəldi dünyaya. Beləliklə bu ailədə iki şəxs 1-ə qədəm qoydu. Baba Hüseynov ömrünün 71-cı, nəvə Hüseynov 1-ci dayanacağına. Qədəmləriniz mübarək, cənab Hüseynovlar!

Bütün hüseynovlara qoşulub Qələmirzə müəllimin 70 yaşını təbrik edirəm və onun ad günü hədiyyəsini - nəvəsinin gəlişini alqışlayır, səmimi arzularımı çatdırıram!

Qələmirzə müəllim, üzünüzdən təbəssüm toru, gözlərinizdən sevinc naxışları, qəlbinizdən iman və müdriklik əskik olmasın.

Cavid Cabbarlı, Xeber.İnfo-nun baş redaktoru.

Oxunuş sayı 1163 dəfə
Şərh vermək üçün giriş edin
Top