Cümə, 30 Dekabr 2016 21:00

İslahat adlı saman çöpündən asılmış ölkə

2016-cı ili arxada qoyduq. Çox ağır və iztirablı təqvim ili, həm də bizi bir il daha sona yaxınlaşdırdı. Çoxumuz bu təqvim ilinin tez başa çatmasını səbirsizliklə gözləyirdik. Çünki ən yüksək səviyyədə, ölkə başçısının dilindən “bu il çox ağır ildir” eşitmişdik. Az qala hər şeyi miflərlə əlaqələndirdiyimiz üçün 31 dekabrın başa çatması ilə iqtisadi böhranın bitəcəyinə özümüzü “inandırmışdıq”.

Amma və lakin... iqtisadi böhranın bitəcəyinə mən də inanıram, çoxları kimi. Böhran iqtisadi sferadan çıxıb, sosial sonra da siyasi gərginliyə daxil olacaq, düşüncəsindəyəm. Bir şərt ilə ki, əlahəzrət hökumət başbilənləri əl-əl üstə qoyub, əhalinin başının altına da elə rəiyyətin ahı ilə islanan qalın balışlar yığsa, zənnim həqiqət və gerçəkliyə çevriləcək, şübhəm yəqin olacaq.

Əlqərəz, ölkə islahat çöpündən asılı qalıb. Bu çöpü də sel aparsa, “Suriya” dəryasında boğulacaq, Azərbaycan.

Kimin harda boğulacağını götür-qoy edirdim ki, birdən mobilnim dəcəl uşaq kimi səs salmağa başladı. Gecə saat 11, yəni 23:00. Valideyn komitəsinin rəhbəri olduğunu dedi. Əvvəl tutuldum. Hakimiyyətin bütün qohum-əqrəbası, quda nə bilim nəsinin bir komitəsi var axı. Qohumluq əlaqəsi bitən kimi komitəni də bağlayıb atırlar arxivə. Elə bildim hansısa qudanın rəhbərlik etdiyi komitələrdən biridir. Sonra fəhm etdim ki, körpələrin ədəbü-mərifət öyrəndikləri təhsil ocağında yaradılmış valideyn komitəsindəndür.

Çox sağ olsun, yəqin axşam olduğunu bilib tez keçdi mətləbə: Yeni İlə görə müəllim üçün pul yığılır. Sizi də xəbərdar edirük. Vallah müəllimə çox utana-utana nömrövüzü verdi. O da yuxarı verməlidir.

Yenə fəhm etdim ki, ölkədə kiçikdən böyüyə hamı boğulur. Hamı saman çöpü axtarır. 9 milyon boğulan şəxs bir saman çöpünün dalınca düşüb. Nazir direktorları boğur, direktorlar da sinif rəhbərlərini, sinif rəhbərləri də valideyn komitə sədrlərini, onlar da valideynləri, valideynlər də yəqin özlərini...

 Nə isə... keçək Xoruz İlinə. Deyirlər xoruz çoxmənalı söz olsa da, Xoruz İli digərlərindən həmişə seçilib. Məsələn müharibələrlə. Əcəəəb... Biz müharibə istəmirik. Evində, eşiyində  acından ölmək hansısa dəyər uğrunda ölməkdən çox yaxşıdı. Bir çox tarixə səs salan hadisələrin məhz Xoruz İlində baş verdiyini iddia edənlər də az deyil. Xoruzu möcüzəvi heyvan adlandıranlar da var. Ölkəni düşdüyü iqtisadi, sosial vəziyyətdən Xoruz İli çıxarda bilsə, deyilənlərə daha heç şübhəm qalmayacaq.

Bax buna inanmıram... Bu boğula-boğulda Xoruz İlinın xariqələr yaradacağına inanmağım gəlmir. Bircə ümid var – təcili və təxirəsalınmaz İSLAHAT həzrətləri özünü bu məmləkətin imdadına çatdırmalıdır. O da, özünü matah edib, ya damın başına çıxıb vaxtsız-vaxtlı banlayan xoruzun pipiyinə qonur, ya da saman çöpü kimi lap dərinliyə aparır qurban(lar)ın.

Həzərat, ölkəmiz islahat adlı saman çöpündən asılıdı. Təqvim ilinin hansı gəlsə belə, bizi xilas etməyəcək. Demədi, deməyin!

Cavid Cabbarlı

Oxunuş sayı 1545 dəfə
Şərh vermək üçün giriş edin
Top