Çərşənbə, 07 Dekabr 2016 21:00

“İşgəncə yoluyla ifadə alınacaqsa...”

İlqar Sadıqov: “Minlərlə günahsiz insandan bu metodla “etiraf” izahatının alınması baş verəcək”

“Avropa dəyərləri bizə təbliğ edir ki, ittiham olunan şəxsdən hüquq və məntiqin diliylə ifadə almaq lazımdır”. Bu sözləri gənc fəal İlqar Sadıqov Avropada insan dəyərləri və demokratik prinsiplərlə bağlı “Doğru xəbər”ə deyib.

İ. Sadıqov Azərbaycanla Avropa arasında paralellik aparıb: “Birinci onu qeyd etmək lazımdır ki, Azərbaycanda hər bir şey görüntü xatirinə edilir, Avropada isə nə varsa reallıqdır. Bəlağətlə qeyd etdiyimiz multikulturalizm elə Avropadadır. Hər dindən, irqdən, millətdən olan insanlar təbii şəkildə bir-birinə hörmət edərək yaşayılar. Bunun üçün xüsusi kampaniyalar aparılmır, elmi məqalələr yazılmır. Bizdə hakimiyyətdən fərqli düşünən və fikrini ifadə etmək istəyən gənci narkotika satıcısı kimi həbsə atırlar. Avropada isə insanlar baş nazir haqqında, ölkə başçısı barəsində istənilən tənqidi fikir bildirməkdə heç bir məhdudiyyətlə rastlaşmır. Sadə bir misal qeyd edim, Almaniyda işçilər 6 saatlıq işə etiraz edirlər. Bizdə isə 12 saat işin sonunda 10 manat (5-6 avro) məvacib alır. Son günlər “Lüftansa” aviaşirkətinin işçilərinin əmək haqlarının artırılması tələbi ilə tətil keçirərək iki gündə 2000 avia reys təxirə salınmışdır. Amma o insanların heç bir qorxusu yoxdur. Avropada insana verilən dəyər bax budur.

İ.Sadıqov Avropada insana verilən dəyərdən söz açıb: “İnsan faktoru və ona verilən dəyər geniş müzakirəyə ehtiyacı olan mövzudur. Avropa renessans dövründə elmi tərəqqiyə və qabiliyyətinə görə insanlara dəyər vermə prinsipini tətbiq etməyə başladı. Bundan sonra artıq Avropada alimlərin tonqalda yandırılması, inqilabçıların dar ağacından asılması dövrü arxada qaldı. Əsas fərq ondadır ki, 1201-ci ildə İngiltərədə qəbul edilmiş “Maqna Karta”da əsas prinsip kral hakimiyyətinin məhdudlaşdırılması ilə bağlı idi. Avropada istənilən məsələlərə münasibətdə siyasi özgürlük və insan hüquqları məsələsinə xüsusi diqqət yetirilir. Avropa dəyərləri bizə təbliğ edir ki, ittiham olunan şəxsdən hüququn və məntiqin diliylə ifadə almaq lazımdır. İşgəncə yoluyla ifadə alınacaqsa sabah minlərlə günahsiz insandan bu metodla “etiraf” izahatının alınması baş verəcək. Mən hələ sığortadan, məzuniyyət hüququndan, istirahətdən, iş şəraitindən, həmkarların əmək kollektivindəki rolundan danışmıram. Bütün deyilənlər onu göstərir ki, Avropada insanlar siyasi, iqtisadi, fikrini ifadə etmək cəhətdən çox müstəqildir. Bu isə insana verilən ən böyük dəyərdir”.

İ.Sadıov demokratik dəyərlərdən kənar qaldığımızı hesab edir: “Cənubi Amerikada Çili, Argentina, Afrikada CAR, Asiyada Cənubi Koreya, Yaponiya kimi ölkələr var. Bölgü aparsaq daha çox problemlər post sovet regionunda görünür. Lakin burada da Ukrayna, Moldova, Gürcüstan və Qırğızıstan kimi ölkələr var. Moldovanın iqtisadi potensialı Azərbaycanın bir region ilə müqayisə oluna bilməz. Amma demokratik dəyərlərin tətbiqinə görə bizdən çox öndədirlər. Digər tərəfdən əgər dünyada avtoritar, totalitar, korrupsiya və məmur özbaşınalığı, insan hüquqlarının pozulduğu ölkələr varsa bu, o deməkdir ki, biz də elə olmalıyıq. Bəs bu demokratik prinsipləri ilk dəfə tətbiq edən ölkələr təcrübəsiz halda əsrlərlə oturuşmuş ənənələrdən necə xilas olublar? Həmin insanlara bu sualı vermək lazımdır”.

Mövlud Abdulov

Oxunuş sayı 1363 dəfə
Şərh vermək üçün giriş edin
Top