Cümə axşamı, 01 Dekabr 2016 21:00

Mürdəşirlərin və məmurların mülkiyyəti!

Qədim zamanlarda bir şah var imiş. Günlərin bir günü xəzinədarı yanına çağırıb xəzinədəki vəziyyəti soruşur. Xəzinədar deyir: Şah sağ olsun, qarşınızda çox acizanə baş əyib, yalvararaq bildirirəm ki, xəzinə əlahəzrətin özünün və çox hörmətli yaxınlarının ümumi xərclərini ödəmək və dövlətin cüzi işlərini görmək üçün yetərli deyil.

Şah təşvişə düşür. Bütün əyan-əşrəfi toplayır. Belə qərara gəlirlər ki, vergiləri artırsınlar. Şah qərarın icrasını baş vəzirə tapşırır. Baş vəzirə deyir ki, ölkənin hər yerini gəz, rəiyyətin vəziyyəti ilə tanış ol və camaatın dolanışığı barədə mənə məlumat ver. Vəzir özünü əziyyətə salmasın deyə, ayağa durub deyir: Şah sağ olsun, bizim o qədər vaxtımız yoxdur ki, bütün məmləkəti sərasər gəzək. Icazə verin mən öz qonşumun vəziyyəti ilə tanış olum. Onun necə yaşamasını əsas götürə bilərik. Şah vəzirin təklifi ilə razılaşır.

Vəzir gəlib qonşunun pəncərəsindən içəri baxır. Görür ki, qonşu uşaqlırını alıb yanına quru çörəyi suya batırıb yeyir. Hadisəni şaha ərz edir. Şah göstəriş verir ki, vergiləri bir az qaldırsınlar...

Altı ayın tamamında şah yenə də əyan-əşrəfi toplayır. Əvvəlki söz-söhbəti təkrar edirlər. Vəziri də göndərirlər qonşusunun evinə. Vəzir qayıdıb deyir ki, şah sağ olsun sizin çox dəqiq və düzgün siyaəsətiniz nəticəsində əhalinin yüz faiz vəziyyəti yaxşılaşıb, qonşum evinə həsir sərib, qazanı da qaynayır. Şah göstəriş verir ki, vergiləri yenə qaldırın.

Nəhayət altı ayın tamamında eyni toplantı təkrarlanır. Vəzir gəlib deyir ki, Əlahəzrət şah sağ olsun siz dünyanın ən uzaqgörən şahısınız. Əhalinin güzaranı çox əladı. Qonşumun vəziyyəti iki yüz faiz yaxşıdı. Uşaqları yamaqsız paltar geyinmişdilər, süfrədə də cücə plov var idi.

Şah yenə vergilərin qaldırılmasını tapşırır.

Növbəti altı ayın tamamında əyan-əşrəf yenə şahın başına toplanıb, hərə öz sədaqətinin daha çox olduğunu isbatlayan cümlələrlə şahın kölnünü almağa çalışır. Vəzir də öz işində. Gəlib deyir ki, şahlar şahı sağ olsun əhalinin vəziyyəti 500 faiz yaxşıdır. Qonşumun güzəranı o qədər yaxşılaşıb ki, hətta həyətində toyuq-cücə, mal-heyvan da var. Ailə sizdən çox razıdır.

Şah dözməyib deyir ki, gedin vəzirin qonşusunu gətirin. Bu nə sirrdir başa düşmürəm, vəzir hər şeyin əksini danışır. Vəzirin qonşusunu zorla şahın yanına gətirirlər. O da qışqırır ki, vallah mən mürdəşirəm. Son vaxtlar ölən çoxalıb, camaat da mənə pul əvəzində toyuq-cücə və digər şeylər verirlər.

Hə, bu hadisə bir nağıl idi. Həqiqət və reallıq heç ola da bilməz. Amma və ancaq Azərbaycanda bir həqiqət mövcuddur. Ümumi ölkə hakimiyyətin xüsusi mülkiyyətinə verilib. Hər seçkidə ölkənin ümumilikdə hakimiyyətin xüsusi mülkiyyətinə verilməsi təsdiqlənir. Növbəti 5 ildə ən xırda məmur “vəzifə atını” ona verilmiş ərazidə istədiyi kimi çapa bilir. Ölkədə ancaq bir halda məmur cəzalana bilər. Hakimiyyətin başında dayanan şəxsə qarşı sədaqətsizliyi sübut olarsa, onu heç ələk də qurtara bilməz. Ölkəni talayan, əhalinin acınacaqlı duruma düşməsinə səbəb olanlar isə hər altı ayın tamamında mükafatlanır, medalla təltif olunurlar. Əhalinin necə yaşaması, hansı əziyyətlə üzləşməsi, işsizliyin, bahalığın hansı səviyyədə olması məmur tayfasının heç vecinə deyil. Hökumət başçısı da hər altı ayın tamamında nazir, komitə sədrlərini toplayıb bər-bəzəkli və ümidverici sözlərlə böhranın yan keçdiyini deyir. Əsas odur ki, hakimiyyət nümayəndələrinin xərcləri azalmasın. Belə davam edərsə, ümumi vəziyyət ancaq mürdəşirlərin xeyrinə olacaq. Təki mürdəşirlər yaxşı yaşasın!  

Raiz Zeynalov

Oxunuş sayı 1255 dəfə
Şərh vermək üçün giriş edin
Top