Cümə axşamı, 01 Dekabr 2016 21:00

Gedim, qalan ciblərimi də söküm...

Cavid Cabbarlı

Müəllimi seçki saxtakarlığına, əhalini də bank bataqlığına bulaşdıran hakimiyyət...

Gündəmi Tarif Şurasının son qərarı əməlli-başlı zəbt edib. Hamı danışır, narazı olduğunu deyir. Amma və lakin heç kim... Necə deyərlər başını “qılınc”ın qabağına vermək istəmir. Hətta hökuməti tərifləyərək yallanmaq nəticəsində ət, qan bağlayanlar da müxtəlif formalarda narazı olduqlarını bildirirlər.

Çox götür-qoy elədim. Hər tərəfli düşündüm. Qərara gəldim ki, hökumətin bu siyasətinə etiraz edim. Qərarımı qarşıma qoyub etirazın taktikasını düşünməyə başladım. İlk ağlıma gələn bu oldu ki, bütün ciblərimi tikim, ya da hamısını cırım. Etiraz edəcəyim yerə də piyada gedim. (Zatən 3 ildir şəhəri ayaqla gəzirəm). Bunu ona görə düşündüm ki, cibimə nəsə qoya bilməsinlər. Sonra bir neçə jurnalistə mesaj yazıb, gedəcəyim yeri deməyi düşündüm. Etirazıma siyasi don geyindirilməməsi üçün ən xırda detalı vargəl elədim. Arada deyəsən şeytan ağlıma daha maraqlı fikirlər də salırdı. Birdən ağlıma gəldi ki, axı niyə ancaq mən etiraz etməliyəm. Dərhal da bu şübhənin cavabını özüm verirəm: hamı narazıdır, amma mən başlasam yəqin ki, insanlar ölməmək üçün mübarizəyə  qoşularlar. Bu da belə...

Əlqərəz, gecənin qaranlığı ilə çırpışa-çırpışa günəşin saçmasını gözlədim. Uşaqları məktəbə apardım, üzlərindən öpüb dedim: möhkəm olun, dərslərinizi yaxşı oxuyun, arxanızca mən gəlməsəm qorxmayın. Heç nə deməsələr də, qəribə davrandığımı başa düşdüklərini anladım. Evə qayıtdım, hamama keçib əynimdəki bütün cibləri kəsdim. Tikmək həm uzun proses idi, həm də evdə başa düşərdilər.

Etiraz zamanı deyəcəyim sözləri düşüncəmdə təkrarlaya-təkrarlaya yola düzəldim. Plan üzrə piyada getməliydim. Allah bilir ağlıma nələr gəlir, nələr fikirləşirdim. Qarışıq düşüncələrlə diyirləndiyim halda çoxdan tanıdığım bir orta məktəb müəllimi qarşıma çıxdı.

Salamlaşdıq. Çox pərişan idi. Güman elədim ki, bahalıq müəllimi əldən salıb. Arada görüşüb, dərdləşirdik. Bu dəfə danışmağa həvəsli görünmürdü.

Nəsə problem var, niyə narahatsan – soruşdum.

Problemsiz həyat yoxdu, ama bizimki problem deyil, fəlakətdi, deyə cavab verdi:

-İmtahana hazırlaşmalıyam. Sərt qaydalar qoyub nazirlik. Keçid balı toplamayan müəllim işdən uzaqlaşdırılacaq.

Çox təəccübləndim. Adam 60 yaşındadır. Dediyinə görə, ömrünün düz 39 ilini müəllimlik peşəsinə sərf edib. (Təhsil şefi nazir olanda 36 yaşı tamam olmamışdı). Üstəgəl 4 ildən sonra təqaüdə göndəriləcək, zavallı müəllim. Belə sərt qaydalarla 40 ilin müəllimini sınağa çəkmək kimə lazımdır, deyə soruşdum.

Çox acizanə və çarəsiz baxışlarını zillədi gözlərimə. Gözlərinə dik baxdım. Zillətin içində necə çabaladığı aydın görünürdü. İllərlə hökumətin bütün saxtakarlığını rəsmiləşdirən müəllimin çarəsizliyi həm də bir xalqın fəlakətə yuvarlandığını göstərirdi. Bir nahara, yaxud bir “sağ ola” görə, seçkiləri saxtalaşdıranda, saxta bülletenlərlə qutuları dolduranda müəllim sındı, sındırıldı ki, gənc nəsilə həqiqəti öyrədə bilməsin – dedim. O, isə dediklərimi başı ilə təsdiq edirdi.

Yadıma bir rəvayət düşdü. Qədim zamanlarda bir kəndin çox imanlı və saleh sakinləri var imiş. Kəndxuda onlara zülm edən kimi, onlar da Allahdan kəndxudanın cəzalanmasını istəyirmişlər. Allah da kənd əhlinin duasını qəbul edirmiş. Günlərin bir günü kəndə yeni kəndxuda seçilir. Kəndxuda çox tədbirli imiş. Vəzirini yanına çağırıb, deyir ki, mən sələflərimin aqibətlərini yaşamaq istəmirəm. Vəzir də ona məsləhət görür ki, kənd meydanında böyük bir qab qoydursun və kənd əhlindən tələb eləsin ki, hərə bir livan süd gətirib həmin qaba töksün. Bir həftədən sonra hamı gəlib tokdüyü südü aparsın. Elə də edir.

Bir müddət rəiyyət ilə mehriban davranır. Sonra zülümkarlıq etməyə başlayır. Camaat da Allahdan nə qədər kəndxudanı cəzalandırmasını istəyirlərsə, istəkləri müstəcab olmur. Bir müdrük ağsaqqal üzünü rəiyyətə tutub, deyir: Kəndxuda süd məsələsində çox tədbirli çıxdı. Siz gərək ətinizə və qanınıza qarışan o südü təmizləyəsiniz ki, Allah istəyinizi versin.

Saxtakarlığa və harama bulaşan şəxsin etiraz etmə gücü qalmaz. Müəllimi seçki saxtakarlığına, əhalini də bank bataqlığına bulaşdıran hakimiyyət zamanında çox tədbirli davranıb. Canımızdan, qanımızdan və ruhumuzdan saxtakarlığı çıxartmasaq deyəsən daha da çətin zillət gözləyir bizi!

Gedim, qalan ciblərimi də söküm...

Oxunuş sayı 1203 dəfə
Şərh vermək üçün giriş edin
Top