Çərşənbə, 28 Oktyabr 2015 21:00

“Azərbaycan jek rəisi də özünü hakimi-mütləq hesab edir”

Camal Seyidli: “Məmur rüşvət yaxud qahumluq əlaqələrinə görə təyinat aldığı yeri özününküləşdirib, obyekt kimi istifadə edir”

 “Azərbaycanda insanlar öz fundamental azadlıqlarını ifadə etdiklərinə görə həbs olunurlar. Siyasi müxalifətə, mediaya və sivil cəmiyyətə məhdudiyyətlər qoyan Azərbaycan hakimiyyəti nüfuzlu beynəlxalq təşkilatlar qarşısındakı götürdüyü öhdəliklərə əməl etmir. Ölkədə seçki və media islahatlarına təcili ehtiyac var. Azərbaycanda demokratiyanın durumu ilə bağlı ciddi narahatlıq qalmaqdadır”. Bu sözləri ictimai-siyasi fəal Camal Seyidli deyib.

C.Seyidli Azərbaycanda demokratiya və insan hüquqlarının kobud şəkildə pozulduğunu qeyd edib: “Hüquqa söykənən, vətəndaş inkişafına tam zəmanət verən qanunvericilik bazası xeyli məhdudlaşdırılıb. Qanunlara mürtəce dəyişikliklər xüsusən fəal insanların həbs olunması və fəaliyyətlərində məhdudiyyət yaratmağa hesablanıb. Ölkədə demokratik cəmiyyətin formalaşdırılması üçün ciddi və süni əngəllər yaradılıb. Vətəndaşlar ən sadə hüquqlarını belə qoruya bilmir, problemin çözümünü ya intihar etməkdə, ya da mühacirətdə görürlər.Azərbaycanda “şah qanundur” prinsipi işləyir. Sadə jek rəisi özünü hakimi mütləq hesab edir. Rüşvət yaxud qahumluq əlaqələrinə görə təyinat aldığı yeri özününküləşdirib, obyekt kimi istifadə edir. Belə faktları dar sahələrə aid etmək olmaz. Yəni ölkədə korrupsionerləşmiş idarə və müəssisə tapmaq xeyli çətinləşib. Məmur vətəndaşa öz marağı çərçivəsində yanaşır. Kiçik bir faktdediklərimə əyani nümunə ola bilər. Hələ bir neçə il əvvəl jekdən arayış istədim. Arayışa görə məndən fantastik rəqəm tələb olundu. Heç nədən çəkinmədən, jek rəisi təkid etdi ki, dediyi məbləği verməsəm arayış verməyəcək. Bir qədər mübarizədən və söz duelindən sonra arayışı ala bildim. Lakin bu mübarizəni hamı apara bilmir. Ölkə əhalisinin böyük əksəriyyəti hüquqi maarifçilikdən uzaq salınıb. Əksəriyyət hüquqlarını bilmir. Ona görə əqidəsi xalqı və dövləti talamaq olan məmurlar daha tez aldada bilirlər. Azərbaycan Konstitusiyasında da göstərilir ki, “Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz, ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir”. Lakin bir qrup zümrədən başqa böyük əksəriyyət hüquq və azadlıqları ancaq xəyal edə bilər”.

Camal Seyidli diqqəti məhkəmə sisteminə yönəltdi: “Azərbaycan məhkəmələri siyasi hakimiyyətin iradəsini təmsil edir. Günahsız yerə, hakimiyyəti tənqid etdiyinə görə yüzlərlə vətəndaş məhbus həyatı yaşayır. Təbii ki, bütün hallarda belə insanlar məhbəsə məhkəmə qərarı ilə göndərilir. Cəmiyyət üçün faydalı, istedadlı gənclər narkotika və bu kimi ittihamlarla həbsə salınırlar. Digər sahələrdə ədalətin yoxluğu o qədər də təsir etmir. Lakin məhkəmə sistemində ədalətsziliyin höküm sürməsi cəmiyyət, hakimiyyət və elə dövlət üçün ciddi təhlükələrdən xəbər verir”.  

Oxunuş sayı 1502 dəfə
Şərh vermək üçün giriş edin
Top