Bazar ertəsi, 10 Oktyabr 2016 22:00

Vergini mənimsəyən cəmiyyət...

Almaszadə Vüsalə

...İqtidarın hakimiyyəti mənimsəməsinə də gözübağlı razıdır

Maşallah maşallah, ölkəmiz son 14 ildə 3 referENDum “yola” verdi. Qanunlar yavaş-yavaş “fərd”lərə uyğunlaşdırılır, zatən belə də olmalı idi. Axı saxta “dindarları” olan məmləkət elə saxta seçki, referendum da keçirtməlidir...

....O gün çoxdan görmədiyim bir “kərbalayi” xanım-tacir rəfiqəmlə, həmsöhbət oldum. Rəfiqəmlə ordan-burdan danışandan sonra söhbəti son günlər ağızdan düşməyən bir məsələyə gətirdim. Son günlər məhlədə eşitmişdim ki, marketlərdə Belorussiya istehsalı olan ucuz yağları (tərkibində donuz piyi və marqarin var) Zellandiya yağı kimi baha satırlar. Rəfiqəm də təsdiqlədi, sən demə bu, belə imiş. Üstəlik rəfiqəm onu da qeyd etməyi özünə borc bildi ki, əgər bu cür işləməsələr, batarlar....

Yenə də Aşura gəlir, yenə də “yezidin qulluğunda dayananlar”, yəni seçkini, referendumu saxtalaşdıranlar, gözlərində yaş, üz tutacaqlar məscidlərə, “Ya Hüseyn, Ya Hüseyn” hayqırmağa, hələ referendumda aldıqları rüşvətlə-haramla halallığın, düzlüyün, əyilməzliyin simvolu, Peyğəmbərin (s) pak nəvəsi Həzrət İmam Hüseynə (ə) ehsan da verəcəklər!

Artıq buzlar sınır, artıq bunların simasızlığı görünür. Hətta “kafər” adlandırdıqları “şurəvilər” belə camaatın inancına təcavüz etmədilər, əhali rahatca öz evlərində tasua-təkyə qura bilirdilə. Amma İslam dəyərlərilə möhkəmlənən Azərbaycan iqtidarı bunu da inanclılara yasaq etmək fikrindədir.  Zatən bu zatlar çox gözəl bilirlər ki, əqidəsi qırılmış xalq məhvə məhkumdur.

Cəmiyyətin ən qabaqcıl və məşhur dindarlarının əksəriyyəti “göydə Allah, yerdə padişah” deyirsə, deməli hələ Aşuranı anlamamışıq. Belələrinin Allaha bəndə olmaları belə şübhəlidir. Allahın “yalnız məndən qorx” əmrinin əksinə olaraq fərddən, bəşərdən qorxan bir qövm gec-tez zəlalətə düçar olacaq. O zaman bu qövmün saxta “Ya Hüseyn, Ya Hüseyn” hayqırmaqları da onların karına çatmayacaq!

O gün internetdə bir cavan qadının iki məntəqədə “səs” verməsi paylaşılmışdı. Zatən 10-larla belə paylaşmalara rast gəlmək mümkün idi. Lakin bu xanımdan danışmaq istəyirəm.  Xanım, saxta bülletenləri qutulara atdıqca öz telefonu ilə “bu qəhramanlığını” yaddaşa həkk edirdi. Ola bilsin müdriyyəti ona bu tapşırığı verib.Bu qadının övladı vətən üçün necə həqiqi əsgər olub, bu VƏTƏNi qoruyacaq? Mayası haram olanın, bəhrəsi çürük olar, deyiblər.

Əziz analar, atalar, valideynlər, böyüklər gələcəyimizi öldürməyin, övladlarınıza, nəvələrinizə yazığınız gəlsin!

Nə isə, qayıdıram yağ məsələsinə. Rəfiqəmdən “axı sən hər gün Allah qarşısında ibadətə - namaza durursan, heç olmasa sən bu xəyanəti eləmə” xahişində bulundum. Əvəzində  “olmaz, etməsəm acından ölərəm, bilirsən hər dükana nə qədər “lop” (qeyri-qanuni yığım) qoyurlar, həmin “lop”u necə verim” cavabını aldım.

Sən düz işlədiyin halda niyə rüşvət vermək zorunda qalırsan, deyə soruşdum.

“Fərz edək ki, mən düz işlədim, gündəlik dövriyyəm 5 mindir, gərək hər gün 200 manat rüsuma ayırım, bu aya 6000 manat deməkdir, belə isə 3 min onlara verirəm, 1000 rüsum, 2000 də özümə qalır”, deyərək saxta əməlinə şərh verdi.

Başa düşdüm ki, dövlət büdcəsinə verməli olduğu vergini mənimsəyən cəmiyyət, iqtidarın hakimiyyəti mənimsəməsinə gözübağlı razıdır və bu istiqamətdə əlindən gələni əsirgəməz. 

Oxunuş sayı 1063 dəfə
Şərh vermək üçün giriş edin
Top