Cümə axşamı, 08 Sentyabr 2016 22:00

Rüşvət haqqında ballada...

“Kiçik yırtıcılar iri yırtıcılara  rast gələn dəqiqəyəcən yırtıcıdılar, həmin dəqiqədən sonra onlar sadəcə şikara çevrilirlər”. (Rafiq Cəlilov)

Bu yazımı referendumu növbəti dəfə saxtalaşdırmaq əzmində olanlara ithaf edirəm, zaman gələr sizlər də bu gün bu xalqa etdiyiniz naqisliyin cəzasını çəkərsiniz. Hələlik isə “iri yırtıcıların” qarşısına çıxanacan atınızı dördnala çapın....  

RÜFƏT SƏFƏROV – 9 İL

Əslində gözlənilən idi, bu iqtidar onun “yıx, dağıt, sök, tala” kursuna “xəyanət” edənləri bağışlamır. “Mən rüşvət ala bilmirəm, gələcəkdə də almayacam, buna görə korrupsiyalaşmış hüquq sistemindən istefa verirəm” deməklə sən “mən sizin mürtəce siyasi kursunuza asiyəm” demiş olursan. Olmaz əzizim, olmaz! Qazanın içinə düşdünsə - oradan çıxış yoxdur!....

... Əslində Rüfəti, bu mürtəce rejimin qurulmasında müstəsna xidməti olan atası Eldar Sabiroğluna bağışlamaq da olardı, hətta onu respublikadan “qaçırdıb”, Avropa ölkələrindən birində siyasi sığınacaq da “düz-qoş” edə bilərdilər, amma bütün bu sadaladıqlarım hamını tük nazikliyində ipdən asılı saxlayan bu iqtidar üçün keçərli olmadı. İqtidarın ideoloji başları “Eldar Sabiroğlunun oğluna güzəşt etsək, çoxlarının övladları bu fikirə düşər” tezisini rəhbər tutub, Rüfəti cəzalandırdılar, Rüfəti cəzalandırdılar ki, başqalarına da görk olsun, iqtidara qarşı çaşmasınlar. Rüfətin həbsi çox məmurların övladlarına və özlərinə “çaşanı aşırdırıq” mesajıdır...

... Eldar Sabiroğlu oğlunun həbsində dövlət başçısını suçlayır, olsun, bu onun atalıq hayqırtısıdır, bəs bu cəmiyyəti bu günə salanlardan - saldıranlardan biri də Eldar Sabiroğlu deyildimi? Eldar Sabiroğlu öz əkdiyi, YAPdığı ağacın bəhrəsini dadmırmı? 100-lərlə günahsız insan həbs ediləndə Eldar Sabiroğlu harada idi? Yəni doğurdanmı onun bütün bu haqsızlıqlardan xəbəri yox idi, oğlu həbs ediləndə qəflət yuxusundan ayıldı? İnanmıram, inanmaq istəsəm də, inanmıram, sadəcə Eldar Sabiroğlu kimilər “məndən keçsin, qonşuma dəysin” təfəkkürü ilə yaşayanlar, yəni başlarını  aşağı salıb evlərinə “çörək” aparanlar zümrəsinə aiddirlər. Onlar üçün evə apardıqları “çörək”dən bu xalqın qanının iyi gəlməsi, öz qanları həmin çörək “bişirilərkən” xəmirə  damcılayan anacan, önəmli olmur, öz qanları o “xəmirə” damcılayanda isə günahı nədənsə özlərinin YAPdıqları rejimdə yox, həmin rejimin başına gətirdikləri fərddə - prezidentdə görürlər....

... Artıq Rüfətin siyasi məhbus elan olunması üçün kompaniya başlayıb, əslində onun həbsi elə siyasi sifarişdir, Eldar Sabiroğlunun YAPdığı hakimiyyətin siyasi sifarişi! Allah qapını açsın Rüfət, “analığı-atalığı” olmayan bu “yetim” məmləkətdə valideyinlər övladlarının səhvinə görə cavabdeh olmasalar da, övladlar valideyinlərinin səhvlərinə cavabdehdilər...

Rafiq Cəlilov
xüsusi olaraq “Doğru Xəbər” qəzeti üçün

Oxunuş sayı 1473 dəfə
Şərh vermək üçün giriş edin
Top