Çərşənbə, 03 Avqust 2016 21:00

Vətəndaş Cəmiyyəti təmsilçiləri müraciət yaydı

Xeber.İnfo-a daxil olan məlumata görə, Azərbaycanda Açıq Hökumət Tərəfdaşlığı Platformasının yaradılmasına təşəbbüs göstərən müstəqil Vətəndaş Cəmiyyəti təmsilçiləri müraciət yayıb.

Müraciətdə deyilir:

Azərbaycanda Açıq Hökumət Tərəfdaşlığı Platformasının yaradılmasına təşəbbüs göstərən müstəqil Vətəndaş Cəmiyyəti təmsilçilərinin MÜRACİƏTİ

Biz - bu müraciəti imzalayan müstəqil sivil toplum quruluşları və nümayəndələri Azərbaycanda Açıq Hökumət Tərəfdaşlığı təşəbbüslərinin dəstəklənməsi məqsədilə Vətəndaş Cəmiyyəti təmsilçilərinin geniş qatılımı ilə Açıq Hökumət Tərəfdaşlığı Platformasının (AHTP) formalaşdırılması prosesinin sürətləndirilməsin zəruriliyini bəyan edirik.

Azərbaycan əsası 2011-ci ildə qoyulan Açıq Hökumət Tərəfdaşlığı təşəbbüsünə ilk qoşulan ölkələrdən olub, təşəbbüsün əsas sənədi olan Bəyannaməyə imza atıb. Həmin Bəyannaməyə imza atan 70-dən artıq ölkə daha açıq və effektiv, məsuliyyətli və şəffaf idarəetməyə sahiblənmək, vətəndaş iştirakçılığını genişləndirmək, korrupsiya ilə effektiv mübarizə aparıldığı sistem qurmaq istəklərini və öhdəliklərini ifadə ediblər.

AHT təşəbbüsünə qoşulan ölkələrin əsas öhdəlikləri hökumətlərin fəaliyyət bilgilərinin hər kəs üçün əlçatan olması, idarəetmədə vətəndaş iştirakçılığının genişləndirilməsi, dövlət idarəetməsində yüksək peşə etikasının tətbiqi, hökumətin daha hesabatlı və açıqlığı üçün yeni nəsil texnologiyaların tətbiq edilməsidir.

Açıq Hökümət Tərəfdaşlığının ən önəmli prinsiplərində biri isə hökümət və vətəndaş cəmiyyətinin əməkdaşlığıdır.

Azərbaycan hökuməti AHT-nin təsis olunmasından bir il sonra şəffaflığın artırılması, açıq hökumətin təşviqi ilə bağlı fəaliyyətin təkmilləşdirilməsi məqsədilə “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Fəaliyyət Planı” və “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı” kimi mühüm sənədləri qəbul edib. 2016-cı ildə daha bir mühüm sənəd - “Açıq Hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı” qəbul olunub.

Təəssüf ki, belə mühüm sənədlərin hazırlanması və icrası prosesinə ictimai nəzarət funksiyası daşıyan müstəqil sivil toplum quruluşları aktiv və sistematik cəlb edilməyib, əksinə onların fəaliyyəti ciddi şəkildə məhdudlaşdırılıb. Bütün bunlar təbii olaraq, Azərbaycanın AHT-dakı statusunun pisləşməsini şərtləndirib. Nəticədə, 2016-cı ilin mayında AHT-nin Rəhbər Komitəsi Azərbaycanın üzvlük statusunu 1 il müddətinə aktiv üzvlükdən qeyri-aktiv ölkə statusuna endirib. Bu qərar bilavasitə Azərbaycanda sivil toplum quruluşlarının fəaliyyətinə yaradılmış hüquqi və praktiki məhdudiyyətlərlə əsaslandırılıb. Rəhbər Komitə sivil toplum quruluşlarının fəaliyyəti üçün məkanın qapadılmasının AHT-nin prinsip və dəyərlərini sarsıtdığını vurğulayıb.

Hazırda hökumətin AHT qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməsi üçün 1 ildən də az zamanı var. Təqdirəlayiq haldır ki, hökumət “Açıq Hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nda AHT ilə bağlı vətəndaş cəmiyyəti platformasının yaradılmasına və fəaliyyətinə dəstək verəcəyini bəyan edib. Hökumətin bundan sonrakı müddət ərzində əsas səyləri də məhz sivil toplum quruluşlarına yaradılan məhdudiyyətlərin tamamilə aradan qaldırılmasına, müstəqil vətəndaş cəmiyyəti ilə dialoqun və məsləhətləşmə mexanizmlərinin qurulmasına yönəldilməlidir. Çünki, müstəqil sivil toplum quruluşları üçün əlverişli fəaliyyət mühiti formalaşdırmadan AHT üzvlüyü ilə bağlı hər hansı tərəqqinin əldə olunması mümkün deyil.

Yuxarida qeyd olunanlarla əlaqədar, bildiririk ki, bu müraciəti imzalamaqda başlıca məqsədimiz AHT üçün zəruri olan Açiq Hökumət Tərəfdaşlığı Platformasının (AHTP) formalaşdırılması prosesini sürətləndirmək, Azərbaycanın Açıq Hökumət Tərəfdaşlığında tam hüquqlu üzvlük statusunun bərpasına yardımçı olmaq, AHT prinsiplərinin Azərbaycanda daha geniş yayılmasını dəstəkləmək və son nəticə olaraq şəffaflıq və iştirakçılıq sahəsində müstəqil vətəndaş cəmiyyəti ilə hökumət arasında dialoqa, vətəndaş cəmiyyəti təşəbbüslərini dəstəkləyən konsultativ mexanizmlərin qurulmasına töhfə verməkdir.

Biz bu Müraciəti imzalayan müstəqil vətəndaş cəmiyyəti qurumları, vətəndaş cəmiyyəti aktivləri Açiq Hökumət Tərəfdaşlığı Platformasının formalaşması və fəaliyyəti prosesində iştirak etmək niyyətimizi bəyan etməklə, hökumətin AHTP-nın yaradılması prosesini sürətləndirməyə, bütün maraqlı tərəfləri prosesə cəlb etməyə, prosesi açıq və şəffaf aparmağa çağırırıq.

İmzalar:

Asabali Müstafayev-Demokratiya və insan hüquqları resurs mərkəzi

Akif Qurbanov-Demokratik Təşəbbüslər İnstitutu

Anar Məmmədli - Hüquq Müdafiəçisi

Aynur İmranova - "Media və Demokratiyanın inkişafına dəstək"İB 

Azər Mehtiyev -İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

Bəşir Süleymanlı-SMDT

Ələsgər Məmmədli-Hüquqşünas, hüquq müdafiəçisi

Əvəz Zeynallı - "Xural" qəzeti

Xalid Ağaliyev-Media Hüququ İnstitutu

Xalid Bağırov - Hüquq müdafiəçisi

Qalib Toğrul-İqtasadi Araşdırmalar Mərkəzi

Qubad İbadoğlu-İqtisadi Araşdırmalar Mərkəzi    

Mehman Əliyev- Turan İnformasiyaAgentliyi

Nəsimi Məmmədli-Yayımların Monitorinq Mərkəzi İB

Oqtay Gülalıyev-Demokratik İslahatlar Ugrunda İB

Rasul Cəfərov - İnsan Huquqlari Klubu

Rövşən Hacıbəyli-Demokratik Jurnalistika Məktəbi

Samir Əliyev   -Media və İctimai Təşəbbüslər Mərkəzi İB

Şəhla İsmayıl-Rasional İnkişaf Uğrunda Qadınlar Assosiasiyası

Samir Kazımlı - hüquq müdafiəçisi

Zöhrab İsmayıl - Azad İqtisadiyyata Yardım İctimai Birliyi

Ziya Quliyev -Hüquq Təşəbbüsləri Mərkəzi".

Oxunuş sayı 1659 dəfə
Şərh vermək üçün giriş edin
Top