Cümə, 29 İyul 2016 21:00

Silah zavodunda baş verən partlayışda fədakar nümunələr

Dörd nəfəri partlayış və yanğından xilas edən gənc taksi sürücüsünün qəhrəmanlığı xalqın fəxr mənbəyi olmalıdır

26 iyul 2016-cı il tarixdə Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən "Araz" zavodunda iki nəfərin ölməsi, azı 20 nəfərn yaralanması ilə nəticələnən partlayış baş verib. Təəssüflər olsun ki, ölkə mətbuatı bu hadisəni uzaq Afrika ölkələrinin birində baş vermiş kimi təqdim etdi.

Hadisə şahidlərindən biri – Şirvan şəhər sakini Məhərrəm Allahverdiyev gördüklərini və təəssüratlarını qələmə alaraq, Xeber.İnfo ilə bölüşüb:

“İyul ayının 26 idi. Saat 15-dən bir qədər keçmişdi. Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən "Araz" zavodunun yaxınlığından keçərkən dəhşətli gurultu səsi gəldi. Şəhər bir anda sanki hərbi meydana çevrildi. Partlayış səslərini səmaya yüksələn alov dilimləri hər tərəfə qorxu saçırdı. Hamını dəhşətə salan partlayış və alov dilimlərini izlyən qara tüstü şəhərin səmasını zülmətə çevirmişdi. Partlayış səsləri bir-birini əvəz edir, gürultunun exosu şəhərdə evlərin pəncərələrini yaladıqca, insanlarda həyəcan daha da çoxalırdı.

 Partlayış nəticəsində yaranan güclü yanğın əhali arasında müxtəlif şaiyələrin yaranmasına səbəb olmuşdu. İti alov kimi şayiə gəzirdi ki, yanğın daha böyük silah anbarına yaxınlaşır. Bu şayiənin reallaşacağı anı düşnmək, şəhərin göyə sovrulmasını təsəvvür etmək kimi bir şey idi. Əhalinin köçürülməsi, kütləvi zəhərlənmə hallarının guya qeydə alınma xəbərləri hadisənin miqyasını dərk etməyi nisbətən asanlaşdırırdı.

Anidən bütün partlayış səslərini unutdura biləcək bir gurultu qopdu və dərhal sonra sanki sakitlik sükan arxasına keçdi. Bir qədər əvvəl gurultu səslərindən və yanğın həyəcanından çaşbaş qalan əlahi, hadisənin yaranma səbəblərini ehtiva edən şayiələr səsləndirməyə başladılar. Kimi hadisənin səhlənkarlıqdan baş verdiyini deyir, kimi də təxribat ola biləcəyini iddia edirdi.

Mən isə tam başqa bir xəyalda düşüncə mübadiləsi aparırdım. Hadisənin yaranma səbəbləri və ziyanlar sanki məni düşündürmürdü. İnsanların fədakarlığı məni hadisə yerindən xeyli uzağa apara bilmişdi. Hadisə baş verəndən dərhal sonra təcili yardım və yanğınsöndürən maşınlar, eyni zamanda digər müvafiq qurumlar gəldilər. Həm də kütləvi insan axını müşahidə olunurdu. Heç kim partlayışdan qorxmur, hadisə yerinə tələsərək yaralılara yardım etməyə çalışırdı. Təqribən 13-14 yaşlı bir gəncin 4 km yolu qaçaraq, hadisə yerinə anasından xəbər tutmaq üçün gəlməsi hamı kimi məni də heyrətləndirmişdi. Dörd nəfəri partlayış və yanğından xilas edən gənc taksi sürücüsünün qəhrəmanlığı hamını sevindirirdi. İnsanlar partlayışa, yanğına dik baxır, canları bahasına kimlərisə xilas etmək üçün təhlükənin üzərinə yeriyirdilər. Mən dünyanın heç yerində belə fədəkarlıq görməmişəm. Heç bir şübhə etmədən fədəkar xalqımla fəxr edirəm.   

Sonda bir məsələni xüsusi qeyd etmək istəyirəm. Məlum hadisə Qiyamət gününü canlandırdı gözlərimin qabağında. İnsanlar körpə uşaqlarını götürüb hadisə yerinə yaxın evlərdən uzaqlaşırdılar. Allah Quranda Qiyaməti bizə bu ifadələrlə - analar südəmər körpələri atıb qaçacaqlar, anladır.

Ən dəhşətli qorxu isə qiyamət qorxusu olacaq. Ümid edirəm ki, qiyamət dəhşətindən qəlblərimiz titrəyən zaman Əhli-Beyt şəfaəti bizə nicat verəcək, inşallah!

İlahi, bizi heç zaman ağrısına dözə bilmədiyimiz hadisələrlə üz-üzə qoyma!”

Xeber.İnfo

Oxunuş sayı 1833 dəfə
Şərh vermək üçün giriş edin
Top