Cümə axşamı, 28 İyul 2016 21:00

VİP ANS-in lisenziyasının bərpa olunmasını tələb edir

Vətəndaş və İnkişaf  Partiyası (VİP) “ANS Müstəqil Yayım və Media” Şirkətinin lisenziyasının ləğvinə dair etiraz bəyanatı yayıb.

VİP-in bununla bağlı yaydığı bəyanatda deyilir:

“Bu gün Bakı Apellyasiya Məhkəməsi Milli Teleradio Şurasının (MTRŞ) iddiası əsasında “ANS Müstəqil Yayım və Media” Şirkətinin fəaliyyətinə xitam verilməsi (lisenziyanın ləğvi) barədə qərar qəbul edib.

MTRŞ-nin siyasi sifarişdən qaynaqlanan əsassız iddiasına uyğun olaraq, Bakı Apellyasiya Məhkəməsinin ANS-in fəaliyyətinə xitam verməsi haqqında qərar qəbul etməsi ölkədə azad sözə qarşı növbəti sarsıdıcı zərbədir.

Ölkənin efir məkanında xüsusi çəkisi olan və yerli teleauditoriyanın mütləq hissəsinin etimadını qazanmış ANS-in məqsədli surətdə sıradan çıxarılması Azərbaycan cəmiyyətini obyektiv informasiya təminatından məhrum etmək anlamına gəlir.

Vətəndaş və İnkişaf  Partiyası (VİP) “ANS Müstəqil Yayım və Media” Şirkətinin lisenziyasının ləğvinə dair qərarı qətiyyətlə pisləyir və Şirkətin fəaliyyətinə yaradılan süni əngəlləri tezliklə aradan qaldırmağı tələb edir”.

Oxunuş sayı 1789 dəfə
Şərh vermək üçün giriş edin
Top