Cümə axşamı, 19 May 2016 22:00

Gülnar Səmanın ilham səması

(“İçimdəki söhbətlər” kitabına ön söz)

Poeziyamıza yeni bir səs, təzə bir nəfəs gəlir, Gülnar Səma. Yeni bir səs deyirəm ona görə ki, poeziya da yeni səsə, təzə nəfəsə bənzəyir. Ürəyə yatımlı, könülə yapışıqlı olan yeni səslər müğənniləri, xanəndələri tez tanıtdırır, tez ucaldır, xalqın el-obanın sevimlisinə çevirir. Poeziya da yeni fikirlər, yeni deyimlərlə əlinə qələm alan hər bir gəncin səsidir, nəfəsidir.

Gülnar Səmanın sizə təqdim olunan şeirlər toplusu onun müxtəlif vaxtlarda qəlbindən qopan sevincli, acılı, ağrılı könül səsləridir. Bu səslərin hay-harayında vəfasız, eşqinə, məhəbbətinə dönük ittiham olunur. Günahkar “Sevirəm” sözü ilə pak, təmiz, kövrək qəlbə malik qızlarımızı aldadan bir nadürüstdür. O, adət və ənənələrimizi bilmədən, duymadan “sevirəm” sözü ilə qəlb ovlayır, sonra isə öz sözündən namərdcəsinə qaçır.

Gülnar Səma bədii özünəməxsus deyimləri ilə həmin namərdləri ittiham edir.

Mən səni arxamda bir dağ bilirdim,

İndi göz dağıtək önümdə durdun.

Gözümün içinə gülərək niyə?

Fürsət düşən kimi arxadan vurdun!

Gülnar Səma sevgini uca tutanları, bir eşqə, bir sevgiyə sadiqləri alqışlayır.

Bədii cəhətdən mükəmməl olan bu poetik lövhələrdə biz bir insan ürəyinin çırpıntılarını eşidirik. O, öz romantik xəyallarında yaratmış olduğu sevgi və məhəbbət üçün çırpınır. Səmanın bu lirik qəhrəmanı eşqində tamamilə özünəxasdır:

Məhəbbət andını pozsan da belə,

Qəlbinə başqa ad yazsan da belə.

Qəbrimi qəlbində qazsan da belə,

Bu sevgi qəlbimi tərk etməyəcək.

Gülnarın vətənlə, torpaqla bağlı şeirlərində də öz səsi, öz nəfəsi duyulmaqdadır. Bu şeirlərdə biz tarixi keçmişimizlə bu günümüzün vəhdətini, birgə tərənnümünü həm də şairanə deyimlərlə sevərəkdən, yanaraqdan tərənnüm edildiyini görürük:

Bir adına min bir tərif yazılmış,

Səfalı, tərifli məkandı Tovuz.

Köksündə min şəfa bulağı qaynar,

Hər otu dərmandı, loğmandı Tovuz.

Özü Oğuz yurdu, insanları türk,

Edər yağıları o bölük-bölük.

Uludan-uludur, böyükdən-böyük,

Dərbənddir, Təbrizdir, Turandır Tovuz.

Müasir Azərbaycan poeziyası çox möhtəşəm bir inkişafla irəliləməkdə, poeziyaya yeni-yeni istedadlar gəlməkdədir. Poeziyamızın gələcəyi olan istedadlı gəncləri görəndə, onların yazdıqları şeirləri oxuyub, fikirləri ilə tanış olanda sevinirəm. Qoy poeziyamıza istedadlılar gəlsin! Sən onlardan birisən Gülnar Səma! Sənə sənət uğurları arzusu ilə

Dəmir Gədəbəyli

Oxunuş sayı 1501 dəfə
Şərh vermək üçün giriş edin
Top