Cümə axşamı, 12 May 2016 22:00

İsa Cavadoğlu - 85

“Baxıb təbiətin təravətinə, İsa da qərq oldu şeiriyyətinə” - misralarının müəllifi İsa Cavadoğlu özü təbiətin əsl möcüzələrindən olan Tovuz rayonunun Aşağı Ayıblı kəndində, 1931-ci il mayın 12-də dünyaya  gəlmişdir. Gəncə Dövlət Pedaqoji İnistitunu bitirdikdən sonra  (1954) əsas peşəsi müəllimlik olan İsa İsayev həm də , qüdrətli qələm sahiblərindəndir. İsa Cavadoğlu yaradıcılığı mövzu və janr məhdudiyyəti tanımır. Lakin onun təbiət mövzusunda yazdığı şeirlər özü təbiətin güzgüsü sayıla bilər:

            Mavi göylər, şiş qayalar qartala,
           Geniş düzlər ceyranlara yaraşır.
           Bir baxışnan aşiqini ovlamaq,

           Müjgan oxlu cananlara yaraşır.

            ...Gül üstündə bir şeir də ərməğan

            İsa təki bağbanlara yaraşır.

Elə bu misralar şairin poeziyasının təbiətlə təbii ahəngdarlığının sübutudur. Təbiətin təbii varlığı özü poeziyadır:

Ceyran gözəlliyi dırnaqlarıyla,
Dərəyə yazıbdır, düzə yazıbdır.

- söyləyərək peyzajın poeziyada necə də təsirləndirici olduğunu gösrərə bilmişdir. Onun yaradıcılığında təbiət gözəlliyi, vətən gözəlikləriylə çuğlaşdırılıb. Təbiətin bütün gözəlliklərini vətən torpağına elə pərçimləyib ki bu əsrarəgsizliyi bir-birindən ayrı təsəvvür etmək mümkün deyil:

                        Kürü kəmənd edib Kəpəzə atdım,
                        Şikarım Göygöldür, gölümə qurban.

Bu misralar sadəcə heyrətləndirir, onun əlavə şərhə ehtiyacı yoxdur. Çünkü şair təbiət hadisələrinə tamam başqa mövqedən yanaşır:

                        Bəlkə də, göy coşmaz havayı yerə,
                        Yerin ilhamıdır göy gurultusu!

                        Sonsuz ulduzlara, planetlərə,

                        Dostluq salamıdır göy gurultusu!

Şair təbiətin naxışlarına poetik bəzək vurmuşdur. Qayaları elə heyrətamiz şəkildə vəsv edir ki, sadəcə mat qalırsan:

                        Zirvədən dərəyə atılsa belə,

                        Öz qaya adını saxlar qayalar.

Dağları isə etibarlı könül həmdəmi hesab edir:

                        Başına dolanım, a qarlı dağlar,

                        Dərdini sizlərə deyənlərdənəm.

Ümumiyyətlə, bu mövzu şairin ilhamı ilə tarazlıq təşkil edir. Şair, doğurdan da, özünü təbiətdə tapır:

                        Qəlbim səhra kimi qarsalansa da,

                        Yağışa dönərək yağıb insanlar.

                        Fikrimdə buz donub qar sallansa da

                        Bahar günəşitək doğub insanlar.

Qüdrətli yazarımız bəzən peyzajlar vasitəsiylə elə təzadlar görüntüsü yaradır ki, bədii ifadə vasitələri heyranedici cazibəyə malik olur:

                        Zirvəyə baxıram əzəmətlidir,

                        Zirvələr ucadır məhəbbət kimi.

                        Dərəyə baxıram nə dəhşətlidir.

                        Dərələr uçurumdur siyasət kimi.

Bu nümunələrin sayını sonsuzluğa aparmaq olar: Çünki dünyanın bütün möcüzələri təbiət vasitəsiylə bizə çatdırılır. Şair də buna görə bütün gözəllikləri tapmaq üçün sadəcə təbiətə nəzər salıb, onu qorumağa çağırır:

                        Diksinər, sən canın, daş atma suya,

                        Ayın da haləsi təbiətdədir.

Təbiətimizin, vətənimizin, ümumiyyətlə, dünyamızın əsl söz ustası olan İsa Cavadoğlu Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Onlarla kitabların (“Mən ulu tarixəm”, “Ya qismət”, “Düşüncələr”) və s. müəllifidir. İsa müəllim həm də Tovuzda fəaliyyət göstərən Aşıq Hüseyn Bozalqanlı adına  “VARİSLƏR” ədəbi birliyinə uzun müddət sədrlik etmişdir. İsa müəllimin yaşam və yaradıcılıq arenası çoxtərəflidir. Ona bu işlərində daha böyük uğurlar arzulayırıq. 85 yaşı münasibətilə də səmimi qəlbdən təbrik edirik!

Gülnar SƏMA

Oxunuş sayı 1461 dəfə
Şərh vermək üçün giriş edin
Top