Bazar, 10 May 2020 01:30

Bir cüt dar ayaqqabım - GERÇƏK ESSE

Atamın yol yoldaşları , mənı həmişə ünsiyyətdən çəkindirdiyi ən avara kənd uşaqları idi. Mənə, heç vaxt, heç nəyə xatir belə adamlarla yoldaşlıq etməməyi israrla təlqin eləyən Bağış müəllim, oğluna bir cüt ayaqqabı, evinə ən vacib ərzaqları almaq üçün, yolu - rizi yaxşı tanıyan bu “əlli - ayaqlı” həmkəndliləri ilə yol yoldaşı olmuşdu.

Bu, əziz dostum Tahir doktorun mərhum atası Allabağış müəllimlə bağlı xatirəsi barədə mənə danışdığı bir həyat hekayəsidir ...

Dördü qız, dördü oğlan olmaqla, səkkiz uşaqlı ailənin böyük oğlu idim. Atam Yardımlı rayonunun İran sərhədinə yaxın olan Horavar kəndimizin məktəbində bədən tərbiyəsi müəllimi işləyirdi. Atamdan 7 yaş kiçik anamın təhsilə və mütaliəyə böyük həvəsi olub. Qiymətlərinin əla olduğu üçün, rayon təhsil şöbəsindən anamı Bakıya təhsilini davam etdirməyə göndərməyi təklif etsələr də, atası, ailə vəziyyətlərinin çox ağır olması səbəbindən razı olmayıb. Anam təhsilini davam etdirə bilməsə də, mütaliə ömürlük xobbisinə çevrilib, İndi də gözəl şeirlər yazır.

Ata-anamız, ailə vəziyyətləri üzündən ürəklərincə təhsil ala bilməmələrinin “əvəzini” bizdən artıqlaması ilə çıxmağa çalışırdılar.

Dərslərimizə ciddi fikir verir, bizi hətta qohumlarından da olan “avara” kənd uşaqları ilə vaxt keçirməyə qoymurdular. Məhəlləmizdə məndən yaşda böyük olan bir neçə “avara” uşaqlar var idi. Valideynlərimiz üçün bütün dərs oxumayan , səhər-axşam kəndi aşağı - yuxarı veyillənən uşaqların hamısı “avara” idi. Bu uşaqların əksəriyyəti kiçik yaşlarından siqaret çəkməkdən tutmuş , bağ-bağcalardan məsum oğurluq etməyə qədər, müxtəlif pis işlərlə məşğul olan avaralar idi. Təbii ki, mən də onlarla vaxt keçirtmək, oynamaq, şuluqluq eləmək istəyirdim. Hər dəfə atam məni bu uşaqlarla bir yerdə görəndə əsəbləşər, məni saatlarla danlayardı. Mən də özüməməxsus tərzdə özümü və uşaqları müdafiə edərdim. Düzü, uşaqları “müdafiə” eləyəndə də məqsədim özümün onlarla rahat vaxt keçirməyim olurdu. Atam isə, hər dəfəsində israrla: “O uşaqlar sənin tayın deyil. Sən mütləq oxumalısan. Onlardan sənə xeyir gəlməz. Boyüyəndə başa düşəcəksən.” və s. bu kimi sözlərlə məni tənbehləyir, özünü misal göstərərək, heç vaxt, heç nəyə xatir avara, tüfeyli adamlarla yoldşlıq eləmədiyini, insanın inkişafı üçün ziyalılarla, savadlılarla oturub-durmağın vacıb olduğunu deyırdi.

Vaxt ötdü, məktəbi qurtardım. 1992 - ci ildə Tibb Universitetinə daxil oldum. Həmin illər ölkədə vəziyyət çox acınacaqlı idi. Bakıda hakimiyyət üstündə ölüm - dirim mübarizəsi gedir, rayonlarımız dalbadal ermənilərə verilirdi. Hərc - mərclik , işsizlik , kəskin ərzaq çatışmamazlığı atamın müəllim maaşı ilə güclə dolanan kasıb ailəmizin durumunu daha da ağırlaşdırmışdı. Ən elementar məişət ehtiyacları belə əlçatmaz olmuşdu.

Dərs ili başlayanda universitetə , məktəbə geyindiyim köhnə ayaqqabılarımla getməli oldum. Çünki nə ayaqqabı tapılırdı, nə də tapılsa belə, almağa pulumuz var idi .

Sentyabrın sonlarına qədər birtəhər keçindim. Oktyabrın əvvəllərində payız yağışları başlayanda, iş fənalaşdı. Yağışlı günlərdə səhər dərsə gedəndə ayaqlarım islanır, axşamüstü evə qayıdana qədər ayaqlarım yaş gəzirdim. Evə gəlib yaş corablarımı çıxardanda, ayaq barmaqlarım , anamın sabunlu suda külfətimizin paltarlarını yuyandan sonra büzüşən barmaqlarına oxşayırdı. Havaların soyuması ilə vəziyyət lap dözülməz hal aldı. Poçt vasitəsi ilə çətinliklə də olsa, anamla telefon əlaqəsi yaradıb, vəziyyətimi, gələn həftəsonu kəndə gələcəyimi dedim, atamın mənə, mütləq, ayaqqabı almasını xahiş elədim. Anam  atamın evə ərzaq və mənə ayaqqabı almaq üçün İrana keçməyə hazırlaşdığını dedi.

Yanvar hadisələrindən sonra məftilləri sökülərək açılmış sərhəd hələ də bağlanmamışdı. Hamı öz kəndinin tuşundan piyada İrana keçirdi. Gedəndə mis qabdan, köhnə xalça - palazdan tutmuş, üzqırxan almaza qədər, kim nə bacarsa aparıb satır, puluna ailəsinin ən vacıb ehtiyaclarını təmin edən şeylər alıb gətirərdilər. “Əlli - ayaqlı” kənd camaatı tez - tez gedib - gəlir, ticarətlə məşğul olurdular. Atam isə nadir hallarda, ən kəskin ehtiyaclarımız üçün məcburiyyətdən gedirdi. Bir dəfə mən də atamla getmişdim. Çöx çətin və üzücü bir səfər idi. Yarım gündən çox piyada yol getmək lazım idi ki, mənzil başına çatasan. Qayıdanda isə yükün ağırlığı səbəbindən yola daha çox vaxt sərf olunurdu.

Şənbə günü dərsdən çıxan kimi rayona gəldim. Rayon mərkəzindən bizim kəndlərə gələn yoldan evimizə qədər yeddi kilometrə yaxın yol idi. Avtobusdan düşəndən sonra kəndə təsadüfi maşın düşməsəydi, bu yolu piyada gedirdik.

Evə çatanda hava artıq qaralırdı. Anamla və bacı - qardaşlarımla görüşüb atamı soruşdum. Anam atamın kənddən bir neçə nəfərlə dünəndən İrana getdiyini, hələ gəlib çıxmadığını, özünün də nigaran olduğunu birnəfəsə danışdı. Sanki, azyaşlı uşaqlara deyə bilmədiyi nigarançılığını bir anda boşaldıb, yüngülləşmək istəyirdi.

Kənddə işıqlar hər axşam sönürdü. Anam şam hazırlayıb , lampa işığında bizi yedizdirdi. Yeməyin iyi tutduğunu bəhanə gətirib , özü yemədi. Əslində, atamdan olan nıgarançılıq ucbatından anamın boğazından tikə keçmirdi. Şam yeməyindən sonra bir az da oturub anamla bacı - qardaşlarımın dərslərim , yoldaşlarım , yaşayışım və ümumilikdə Bakı haqqındakı suallarını cavablandırmaqla xeyli söhbətləşdik. Atam o gecə gəlmədi. Səhər yuxudan tez durdum. Atam hələ gəlməmişdi. Anam, heç vaxt bitməyən həyət işləri ilə məşğul idi. Atamı soruşdum. Həyəcanını boğmağa çalışaraq , təmkinlə “Harda olsa gələr indi.” - deyib , ötüşdürdü.

Vaxt sürətlə keçirdi. Atamdan hələ də xəbər yox idi. Günortadan sonra Bakıya çıxmasaydım, nə rayon mərkəzinə , nə də ordan Bakıya maşın tapacaqdım. Səhəri gün tezdən dərsə çatmaq üçün , atam gəlməsəydi də, getməli idim.

Günortaya yaxın səbrim tükəndı. Özümdən 10 yaş kiçik qardaşım Cavadı da götürüb , kəndin kənarında “dirsək” dediyimiz təpəyə çıxdım. İrandan gələn yol “dirsəkdən” aydın görünürdü. Bir neçə dəqiqədən sonra uzaqdan , müxtəlif ölçülü çanta və kisələri çiyinlərində və əllərində daşıyan bir dəstə adam gördüm. Dəstə yaxınlaşdıqca adamları bir - bir tanıyırdım. Atam da bu dəstədə idi. Yaxınlaşanda , atamın çiynində bir əli ilə tutduğu ağır bir kisə, dıgər əlində isə ayrıca bir bağlamada qutu olduğunu gördüm. Atam mənim üçün aldığı ayaqqabıları kisəyə qoymamışdı ki , həm əzilməsin , həm də çatan kimi mənə versin ki , yolumdan qalmayım. Dəstə bizə yetişdi. Hamı ilə salamlaşdım. Atam çiynindəki kisəni yerə qoydu. Bağlamanı yerə qoymadan qucaqlaşıb , görüşdük. “Bir az da gec gəlsəydin, gedəcəkdim.” – dedim. Atam üzümə baxıb : “Heç elə şey olar ? Özümü mütləq çatdıracaqdım.” – deyə qutu olan bağlamanı mənə uzatdı. Ayaqqabıları qutudan çıxardıb geyindim , ayağıma rahat oturdu. Atam , payız günəşindən qaralmış üzünün və alnının , 46 yaşı olmasına baxmayaraq , dünyanın dərdini özünə sığdıracaq qədər dərin qırışlarını , sanki bu qırışlarda çox məhrəm bir sirrini gizlətməyə çalışırmış kimi , gərgin təbəssümüylə bir az da qırışdırıb : “Şükür , oldu !” , sanki bir az toxtamaq üçün , azacıq yana baxaraq: “Qorxdum çatmaram.” dedi. Köhnə ayaqqabılarımı qutuya qoyub, Cavada verdim. Vaxt az olduğundan atama ağır yükünü daşımağa kömək də eləyə bilmədim.

Onlardan ayrılıb, təzə ayaqqabılarımla nəm torpaq yolda izlər qoyaraq “avtobus yoluna” tərəf üz tutdum. Ayaqqabılarım çox rahat idi. Ayaqlarımı heç sıxmırdı. Ancaq ürəyimi sıxırdı.

Atamın baxışlarındakı ayaqqabıları mənə çatdırmağın verdiyi sevinclə qarışıq, başa düşmədiyim ifadəni üzünün qırışlarında gizlətməyə çalışdığı “sirrini” əslində, ordaca anlamışdım.

Atamın yol yoldaşları, mənı həmişə ünsiyyətdən çəkindirdiyi ən avara kənd uşaqları idi. Mənə , heç vaxt , heç nəyə xatir belə adamlarla yoldaşlıq etməməyi israrla təlqin eləyən Bağış müəllim, oğluna bir cüt ayaqqabı , evinə ən vacib ərzaqları almaq üçün , yolu - rizi yaxşı tanıyan bu “əlli - ayaqlı” həmkəndliləri ilə yol yoldaşı olmuşdu. Avtobusa minənə qədər və qalan bütün yol boyu bu barədə düşündüm. Atam , mənim ayaqqabılarım üzündən öz qoyduğu qaydalara istisna eləməyə vadar olmuşdu. Onu ən çox pərt eləyən də mənim bu istisnanın şahidi olmağım idi.

Allah sənə rəhmət eləsin, atacan !

Sənin bu fədakarlığın ömrüm boyu, çətin vəziyyətdə insanların, qəbul olunmuş ümümi qaydalara zaman - zaman eləməyə məcbur qaldıqları istisnalara anlayışla yanaşmağı öyrətdi mənə.

Universiteti bitirdim , uzaq İrkutskda uzun illər cərrah travmotoloq işlədim. Maddi imkanım və zəmanə düzəldikcə daha bahalı , daha komfortlu onlarla ayaqqabım oldu. Ancaq heç biri o ayaqqbılar kimi nə rahat, nə də dar olmadı ...

P.S. 15 il İrkutskda yaşayandan sonra, Şirvana köçdüm. Ailə qurdum, isti qəlbli insanları olan bu sakit Aran şəhərinin bir parçasına çevrildim. Burada dostlar qazandım , həkimlik praktikamı müvəffəqiyyətlə davam etdirməyə başladım.

Vaxtaşırı kəndimizə gəlir, həmin gün təzə ayaqqabılarımla nəm torpaq yolda qoyduğum izləri tapmağa, bu izlərdə atamın payız günəşindən qaralmış nurlu simasını görməyə çalışıram...

Bu gün yenə anamı görməyə gəlmişəm. Anamın hazırladığı şam yeməyindən sonra oturub dərdləşir , o günlərimizi yad eləyirik. Anam , adaşı 6 yaşlı böyük qızım Samirəni dizlərinin üstünə oturdub saçlarını sığallayır. Samirə də dayanmadan nənəsinə 6 aylıq qardaşı Əbəlfəzdən danışır. Mənimsə fikrim yenə də “dirsəyə” çıxıb, atam gələn yola baxır. Daha Cavad da böyüyüb, ailəli kişi olub ...

Sabah kənddən çıxanda mütləq Cavadın əvəzinə Əbəlfəzimi götürüb, “dirsəyə” çıxacam. Sonra da kəndimizin torpaq yollarında qalan izlərimdə ona babasını gostərəcəm ...

İndi isə, o axşam lampa işığında anamla səkkiz uşağın sakitcə şam elədiyi evimizdə hay - küylü bir axşamımız var. Şükür ki, o gündən fərqli olaraq bu gün işığımız yanır ...

Davud Əli

8 may 2020 - ci il. Yardımlı. Horavar

Birlik.az

Oxunuş sayı 2210 dəfə
Şərh vermək üçün giriş edin
Top