Cümə axşamı, 01 Fevral 2018 21:00

Bizə qaranlıq gələcəkdən xilas olmağın yolunu göstər - HEKAYƏ

Mən sizinlə qaranlıq gələcəkdə qarşılaşmaq istəmirəm

Abbasi xilafəti dövründə ucqar bir köydə kəndxuda rəiyyəti bərk incidir. Hər dəfə də özünü sudan duru çıxartmağa çalışır. Deyir: Vallah, mən də sizdənəm, birinizin xalası oğluyam, birinizin dayısı nəvəsi, digərinizin yaxın əqrabası, başqasının uzaq qohumu. Heç razı olarammı, əziyyət çəkəsiniz, çətinlik içində sürünəsiniz? Mənə yuxarıdan nə deyirlər, mən də ona əməl edirəm, şahənşahın göstərişi qarşısında boynum tükdən incədir. Xəlifə də çox çalışır ki, sizin yaşayışınız yaxşılaşsın.

Biçarə camaat da, xəlifənin siyasətini bəyənirik, deyib ölüm-itimsiz yaşamağa üstünlük verir. Hər gün güzaran pisləşir, insanların yaşam səviyyəsi ağırlaşır. Hamı bir nəfər kimi xəlifə yaxşıdır, Allah ömrümüzdən kəsib onun ömrünə calasın, deyir.

Günlərin bir günü, xəlifənin xüsusi qasidi köyə gəlir. Təmtaraqlı qarşılanmadan, yeddi gün, yeddi gecə dincələndən sonra deyir: Xəlifənin hakimiyyəti əbədi olsun, biz də ona xidmət etməkdən qürur duyaq. Şahənşahın əmri belədir ki, gərək vergiləri artırasıniz. Zira, rəiyyətin güzaranı xeyli yaxşılaşıb, xəlifə bacarığı və uzaqgörənliyi ilə məmləkəti tam ələ ala bilib. Xəlifə dövlətimizi qorumaq üçün digər şahlara çoxlu ənam verir. Ona görə də, bu gündən kəndxuda həzrətləri xəlifənin payını beş dəfə artıq verməlidir.

Əlqərəz, qasid qarşılandığı kimi yola salınır, pay-parça ilə. Sonra kəndxuda düşür qorxuya ki, mən bu fərmanı əhaliyə desəm, işsiz, ac-yalavac insanların qəzəbinə tuş gələrəm. Əlaltılarını yığır, deyir: nə edin, nə düşünün, bir yol tapın.

Kəndxudanın yanında sədaqətli olduğunu sübut etməyə çalışan yaltaqlar, fürsətin ələ düşdüyünü zənn edib, bir-bir söz alır, uzun-uzadı təriflər yağdırandan sonra deyirlər ki, xəlifənin bu qərarı çox uzaqgörən və zamanında verilən fərmandı. Şahənşah gör nə qədər bacarıqlıdır ki, fərmanı bir gün belə gecikdirməyib. Bu fərman icra olunsa, dövlətimizlə heç bir məmləkət rəqabət aparmaq gücündə olmayacaq. Hətta belə bir xəlifəmiz olduğu üçün digərləri paxıllıq edəcək və bizimlə döyüşə də başlaya bilərlər. Kəndxuda həmin yaltaq vəzir, vəkilinə göstəriş verir ki, şahənşahın fərmanını rəiyyətə ən ali formada çatdırsınlar.

Vəzir, vəkil də camaatı bir yerə toplayır: Xəlifənin yorulmaz fəaliyyəti nəticəsində məmləkətimiz çox inkişaf edib. Bu siyasəti davam etdirmək lazımdır. Ona görə də Şahənşah fərman verib ki, torpaq sahələrini əkə bilməyən kənd əhalisi əkin sahələrini bizə verməlidilər. Biz də xəlifənin siyasətini dəstəkləyərək, əkin sahələrini əkib, iqtisadiyyatımızı gücləndirəcəyik. Rəiyyətin içindən bir, iki nəfər tez çıxıb, canımız da xəlifəyə qurbandı, biz onun hər fərmanını öpüb, gözümüzün üstünə qoyuruq, deyir.

Günlər aylara, aylar da ilə çevrilir. İşsiz, gücsüz qalan rəiyyət əlindən alınan peşkəş torpaq sahələrində bir qarın çörəyə işləməyə məcbur qalır...

Nəhayət, bir nəfər etiraz etməyə başlayır. Kəndxuda xəbər tutar-tutmaz köyün qazisinə xəbər uçurdur ki, bəs, bu adam dövlətimizin əsas dayaqlarını təhlükə altına alır, xarici qüvvələrlə əlbir olub, məmləkətdə təxribat yaradır. Adam nə qədər deyir ki, ay balam nə təxribat, nə xarici qüvvə, mən xəlifəyə sədaqətliyəm, mənim dərdim azyaşlı üşaqlarımın acından ölməməsidir. Oxuda bilmədim, dedim cəhənnəmə paltarları var, qalmağa evləri var, əkib, becərib ruzilərini tapıram. İndi torpağı da əlimizdən aldınız, acından ölürük. Kəndxuda başqa bir ittiham irəli sürür ki, bu adam xəlifənin fərmanına qarşı çıxıb, dövlətə xəyanət maddəsi ilə həbs olunmalıdır. Qazi də tez həbs olunan zavallının ailəsinə xəbər göndərir ki, 20000 gətirin, elə məhkəmə salonunda bəraət verim.

Qazinin qasidi xəbəri kəndxudaya da ötürür. Kəndxuda qəzəblənir, “mənim po...un üstünə kim s..a bilər?” deyib, qazinin üstünə hücum çəkir. Qazi, ədəb-ehtiramını kəndxudaya bildirəndən sonra, yağlı cümlələrlə sözə başlayır: başına dönüm ay kəndxuda, sənin xəlifəyə verdiyin məbləğ artdığı kimi, mənimki də artıb. Ondan 20 mini alsam hamımızın işi düzələcək, o da ömürlük məhbus kimi bir şey olacaq.

... amma adam dinc oturmur, xəlifəni, kəndxudanı, qazini tənqid eləməyə başlayır. Qohum-əqraba yığışıb gəlir, buna ağıl verməyə başlayırlar: ay bala ehtiyatlı ol, yenə həbs edərlər, balaların var, ailən var, nəyinə lazım və sair.

Adam nə qədər izah etməyə çalışır ki, bizim sükutumuz məhvimizdir, başa sala bilmir. Deyir ki, yaxşı, bundan sonra bir kəlmə də danışmayacam. Amma məni dinləyin, sonra çıxın gedin.

Sözə başlayır: Səhər yuxudan ayılanda görürsünüz ki, bir nəfər evinizin düz ortasında ayaqqabı ilə gəzir, deyirsən ay balam sən kimsən və kimdən icazə alıb evimə girmisən, qayıdır cavab verir ki, sən məndən aldığın sələmi qaytara bilmədiyin təqdirdə, evini verəcəyini demişdin, bu ev artıq mənimdir, sənə bir gün vaxt verirəm. Tez durub qaçırsınız, dövlət idarələrinə, uzun illər işləyib vergi vermisiniz, görürsününz ki, evinizdə gərdiş edən şəxs sizi qarşılayır. Hər yerdən ümidinizi üzüb Allaha sığınmaq istəyirsiniz, məscidə qaçırsınız. Yenə görürsünüz ki, həmin şəxs məscidin qapısında və məsciddən bir nida ucalır: Ey özünü müsəlman hesab edənlər, minarəmdən azan səsini kəsəndə harda idiniz? Divarlarımı uçurub, yerimdə park tikəndə bir dəfə də vicdanınız sızlamadı, dini dəyərləri tapdalayanda seyirçi qaldınız, indi niyə mənə pənah gətirirsiniz? Mən də sizin kimi işğal olunmuşam.

Siz o zaman nə edərdiniz? Deyəcəksiniz ki, övladlarımıza ümid bağlayıb hər şeyi onlara buraxıb, olanlarla razılaşardıq. Bu zaman gələcəkdən səs gələcək: Ey övladını təhsillə, imanla silahlandıra bilməyən üzüqaralar. Sizin susqunluğunuz təkcə özünüzü deyil, gələcəyinizi də qaranlığa yuvarladı. Övladlarınızın səsi ucalar, görərsiniz ki, narkaman, səfil, cahil övladlardan ibarət gələcək qurmusunuz!

Ortalığa bir ölüm sükutu kimi sakitlik çökür. Adam davam edir: Mən sizinlə belə gələcəkdə qarşılaşmaq istəmirəm.

Bizə qaranlıq gələcəkdən xilas olmağın yolunu da göstər, deyirlər.

Adam deyir: bax bu dediklərim bizim dəyərlərimizdir. Bizi qaranlıq gələcəyə sürükləmək üçün dəyərlərimizi bir-bir aldılar. İndi biz dəyərlərimizə bir-bir sahib çıxmalıyıq ki, həm öz həyatımızı, həm də gələcəyimizi xilas edək.

Xəlifə də, kəndxuda və digərləri də dəyər uğrunda mübarizə aparan rəiyyətə məğlub olurlar, insanlar isə təhlükəsiz, sağlam cəmiyyət qurub yaşayırlar.

19884342 1772612146100989 3316786767756534299 n

 

 

 

 

 

 

 Cavid Cabbarlı

Oxunuş sayı 2111 dəfə
Şərh vermək üçün giriş edin
Top