Bazar, 16 Oktyabr 2016 22:00

Elçin İsgəndərzadənin poemaları

Gülnar Səma

Elçin İsgəndərzadənin 2013-cü ildə nəşr olunan “Qürbət hücrəsində” kitabında səkkiz poeması yer almışdır. Bu poemalar bədii tutumu ilə yanaşı, tipoloji bölgüsünə görə də özünəməxsusdur. Müəllif poemalarının tiplərini özü müəyyənləşdirib. O, “Turan savaşçısının nəğmələri”, “Şahmar şikəstəsi” və “Oğlum Əliyə dualar” əsərlərini sadəcə poema tipinə aid edib. “Biganəlik iqlimi”ni fraqmentlərlə poema, “Mavi Mərmərə”ni poema-rekviyem, “Adil Mirseyidin palitrası”nı poema-yeddi etüd tipində qələmə almışdır. “Eşq”  əsəri simfonik muğam-poema, “Bu qala bizim qala” poeması isə simfonik poema kimi təqdim olunur.

2011-ci ilin iyulunda yazılan “Turan savaşçısının nəğmələri” poemasına “Böyük Ustad Çingiz Ağa Torekul oğlunun əziz xatirəsinə” epiqrafı əlavə edilmişdir. Eləcə də, 2011-ci ilin fevral-mart aylarında qələmə alınan “Şahmar şikəstəsi”nə “Ustad şairimiz Şahmar Əkbərzadənin 70 illiyinə” epiqrafı yazılmışdır. Bu epiqraflara əsaslanaraq həmin əsərləri poema-ithaf kimi dəyərləndirmək doğru olmur.

Eləcə də “Bu qala bizim qala” əsərini poema-müraciət tipinə aid etmək düzgün sayılmır. Poemanın epiqrafında “Böyük Vətəndaş və Böyük Alim, Ustadımız, akademik Xudu Məmmədovun işıqlı xatirəsinə” sözləri yazılıb. Əsasən, sərbəst şeir ölçüsündə yazılan “Bu qala bizim qala” poemasının birinci bölümü “Gecələr səslər gəlir Azıx mağarasından - əcdadlarımın səsi” misralarıyla başlayır və belə də tamamlanır. Diqqət etsək, görərik ki, poemanın əsas ideyası da buradadır. Çünki gecələr Azıx mağarasından gələn həmin səslər bəzən Tanrı dağlarımızdan, bəzən də yovşan qoxulu türk çöllərindən gəlir. Elə bu səslər şairi əsas nüansa tərəf çağırır və müəllifin demək istədiyi ilkin fikir də budur: “Azıx mağarası - Vətən torpağı, torpağın altında əcdadlarımız”. Daha güclü çağırış məhz düşmən tapdağında olan Azıx mağarasının azad edilməsilə bağlıdır. Poemanın yalnız üçüncü bölümündə Xudu Məmmədovun adı çəkilir və şair əsl niyyətini belə ifadə edir: “...səni Mərzilidə bir ağac kölgəsində ulduzlara baxarkən görmək istədim bu bahar”. Məlumdur ki, Ağdamın Mərzili kəndi də erməni işğalı altındadır. Şairin o istəyinin həyata keçməsi əslində Qarabağın işğaldan azad olunması deməkdir. Təbii ki, şair burada öz məqsədinə Mərzili kəndini obrazlaşdıraraq nail olub.

Poemanın ağırlıq yükü “Yer üzü Türkün torpağı, Göy üzü Türkün bayrağı” misralarının üzərinə düşür. Yenə də əsas mətləb torpaqlarımızın işğaldan azad olunmasına yönəlib. Tanrı yer üzünü türkə torpaq olaraq yaradıbsa, onda həmin torpaqların ermənilər tərəfindən işğalı ilk növbədə tanrının iradəsinə qarşı çıxmaqdır. Elə bu səbəblərdən də poemanın qəhrəmanı haqqında belə fikirlə qarşılaşırıq: “indi sənin qərib ruhun Göy qübbəsi altında Qarabağda dolaşır”. Elə poemanın sinfonik poema kimi təqdimatı da buradan irəli gəlir. Poemanın sonlarına yaxın şair haşiyə də çıxır. Bu, haçansa qədim isnanın bir daş - kristial tapması ilə bağlıdır. Başqa bir qədim insanın bu daşı tapanın əlindən almasıyla iki qardaşın savaşı baş verərək, insan qanı tökülür. Daş alətlə zərbə vurulan kristialın bərq vurması insanı ovsunlayır. Bu hadisələrdən çox illər keçdikdən sonra “Və bir gün qədim insanın tapdığı ilk kristial Xudu Məmmədovun əlinə düşdü - O da məftun oldu bərq vuran bu kristiala”. Rəssamların alimi, eləcə də alimlər rəssamı kimi təyin edilən Xudu Məmmədov kristialın sirrini mozaik qravürlərlə, naxışlarla çözürdü. Bunun səbəbi belə göstərilir ki, “Kainatın rəmzi idi onunçün kristial- mozaik naxışların nə əvvəli, nə sonu var”. Əsərin bütün fəlsəfi çalarları məhz bu hissədə üzə çıxır. Bəlli olur ki, bir-birini əvəzləyən naxışlar zamanın alın yazısıymış, həm də min illərdir ki, zamanın əllərində insan qanı var. Əsas fikir odur ki, “Xudu Məmmədov zamanın əlindən insan qanını silirdi”. Poema yenə də gecələr gah Azıx mağarasından, gah Tanrı dağlarımızdan, gah da yovşan qoxulu çöllərimizdən gələn səslərin sədaları ilə tamamlanır. 2011-ci ilin martında yazılan bu əsərin sonunda məlum olur ki, Xudu Məmmədov həmin gecə şairin yuxusunda sonsuzluğa qovuşsa da, silinməyən iz qoymuşdur. Göründüyü kimi, əsərin süjetini müəyyən etmək, ümumiyyətlə, süjeti izləmək mümkün olmur. Sadəcə, əsərdə qarşıya qoyulmuş məqsəd var və bu məqsədin oxucuya çatdırılasının bədii həlli uğurlu alınıb. Müəllif müharibə, ümumiyyətlə, qan tökülməsi əleyhinə fikirlərini Xudu Məmmədovun, yəni yurdu işğalda olan bir insanın simasında obrazlaşdıra bilmişdir.

2011-ci ilin avqustunda yazılan “Adil Mirseyidin palitrası” poema-yeddi etüdü səbrəst şeir ölçüsündə qələmə alınmış yeddi kiçik parçadan ibarətdir. Birinci və ikinci etüdlərdə Adil Mirseyidin çəkdiyi rəsmlərə baxan şairin təəsüratları yer almışdır. Üçüncü etüd isə konkret olaraq “Akvarel qadın” rəsminin sözlə ifadəsidir. Dördüncü etüddə şair Adil Mirseyidlə İçərişəhərdə keçirdiyi bir günün xatirələrindən yazır. Beşinci və altıncı etüdlərdə əsəri üzərində işləyərkən rəssamın keçirdiyi anlardan bəhs edilir. Yeddinci etüddə məlum olur ki, hərtərəfli istedada malik olan Adil Mirseyidin “şeirləri rəsm kimidi, rəsmləri şeir kimi”. Şair həmin yeddi etüdlə rəssamın mükəmməl şəxsiyyətini obrazlaşdırmağa nail olmuşdur. Poemadan məlum olur ki, Adil Mirseyid fələyi təlxək cildində qapısına qədər gətirsə də, onunla barışmır. Bir sözlə, rəssama həsr edilmiş bu poemada Adil Mirseyid surrealizminin təsiri də hiss olunur.

Nümunə gətirdiyimiz poemalardan da göründüyü kimi, Elçin İsgəndərzadənin poema janrına müraciəti tamamilə orijinaldır. Belə ki, o, istər mövzuların seçimində, istərsə də mövzuya uyğun tipin müəyyənləşdirilməsində təkrarsız üslubdan istifadə edir. Poemalarında lazım olduğu qədər sözlərdən yararlanır, boşuna söz yığını ilə poemanı əbəs yerə yükləmir. Bu baxımdan onun poemalarının çağdaş Azərbaycan ədəbiyyatında öz yeri vardır.

 

Oxunuş sayı 2052 dəfə
Şərh vermək üçün giriş edin
Top