Bazar ertəsi, 10 Oktyabr 2016 22:00

Süleymanın göz yaşları

Cavid Cabbarlı

(Hekayə)

Zalın giriş qapısının üstündən asılmış saatın kiçik əqərəbi səkkizin üzərində döyünür, böyük əqrəb isə on ikiyə tərəf qaçırdı. Reyhan qaçaraq “Fərid əmigil gəldi” deyib, özünü içəri atdı.

“Çox şükür bu dəfə vaxtında gəldi Fərid”, deyib, paltar çantasını götürdüm. Tələsik küçəyə çıxanda Zəhra ilə Ayyan əl-ələ tutub mənə tərəf qaçırdı. Ayyan, “Rövşən əmi salam” deyib, boynuma atıldı. Zəhra isə “atacan tələsirik tez ol, çantanı maşına qoy gedək. İlk dəfə dağa getdiyim üçün çox həyəcanlıyam” deyib,  ağ daewoo-nun arxa qapısını açdı.

 Xəzərin üstündən boyalanaraq, Lənkərana göz atan günəşin qızılı şüası ağ daewoo-nun üzərinə düşüb gözlərimi qamaşdırırdı. Əlimi gözümün üstünə qoyub, qıyğacı baxışlarla Fəqanı seyr etdim. Fəqan oturmağımı gözləyirmiş kimi, dərhal Fəridə üzünü tutub, “ata gedək, o qədər danışmısınız ki, Yardımlını bir an tez görmək üçün çox səbirsizəm”, dedi.

Dördyol ayrıcından sağa burulub “Palma” Marketin qarşısnda dayandıq...

Saat 8:30-u göstərəndə “Ləvəngi” dairəsini keçdik. Qəfil gələn zəng maşının salonunda uçuşan qışqırıqları kəsdi. Fərid dərhal  təbəssüm dolu baxışlarını üzümə zilləyib soruşdu: Zahiddi?

“Hə” deyib, telefonun səsini qaldırdım.

Həyacanlı, arada da qırıq-qırıq gələn səs salonda əks-səda verir, pəncərələrin şüşəsini yalayıb mühərrikin səsiylə yoxa çıxırdı. Dərhal nəyinsə yaddan çıxdığını anlayıb Zahidi qabaqladım: dediyin hər şeyi götürmüşük. Başqa nəsə lazımdır?

Telefonda Zahidin səsini dağ küləyinin o tərəf, bu tərəfə qovduğu açıq hiss olunurdu. Bir kisə kömür lazım olduğunu deyib, telefonu qapatdı.

***

Fərid deyinə-deyinə kömür kisəsini güclə maşının yük yerinə qoydu. Sükana oturub tələsik, mühərriki işə saldı.

Yüklə dolu ağ daewoo ilan kimi dağların təkinə uzanan yollarla şütüyüb, meşəyə yaxınlaşırdı. Həzin meşə küləyi qocaman palıdın budaqlarını qarşımızda sanki əyir, yarpaqları isə yellənməklə bizə əl edərək “xoş gəldiniz” deyirdi. Quşların cingilti nəğmələri, yarpaqların piçiltisi meşənin görüntüsünə başqa ahəng qatmışdı. İki sevgili kimi iki vələs ağacının budaqları bir-birinə sarılıb, sonra, kimsə görər qorxusu ilə ayrılması və bu görünüşün təkrarlanması romontik duyğuları canlandırırdı. Meşədən gələn xısıltı səsləri sevgililərin pıçıltısını xatırladır, bu səslər çoxaldıqca insanı xəyal qanadına alıb, özünün də olmadığı səmaya qaldırırdı. Yaşıl yarpaqlara bürünən ağacların budaqlarında saralmış xəzan da gözlərimin ziyasına tuş gəldi. Bu görünüş dördnala qaçan xəyal atında məni bir az da özümdən ayırdı. Bircə məsum balaların həzin səsləri duyulur, sevinclərini ifadə edən qışqırıq nağıl dünyamdan ayıra bilirdi məni.

Əyləcin səsi ilə Fəridin “çatdıq” deməsi üst-üstə düşdü. Hara çatdığımızı isə başa düşmürdüm.  Çünki meşənin heyranedici görünüşü hələ də göz oxşayırdı. İxtiyarsız gözlərimi sildim. Düşünürdüm, bəlkə də meşənin xəyalla gerçəyə bulaşmış əksi gözlərimə həkk olub.

Fərid “düşün, Yardımlı şəlaləsində şəkil çəkdirək” deməklə, içimdə hayqıran şübhələri yox etdi.

Hündürlükdən özünü atan su damcıları sanki intihar edirdi. Su damcılarının intihar səhnəsi hamını, elə məni də sevindirir, damcıların qışqırığı qəlbimə rahatlıq verirdi.

Daşlara dəyərək parçalanan damcıların qışqırığını şırıltı kimi seyr etmək sözlə ifadə olunmayacaq qədər möhtəşəm görünürdü. Uşaqların sevinc qışqırığı, damcıların intihar hayqırtısına qarışıb qulaqlarıma hakim kəsilmişdi...

Fərid sonuncu görüntünü telefonuna alıb, bizi tələsdirdi.

***

Rayon mərkəzinə uzanan ilanvarı yoldan sağa burulub Ərus kəndinin daş yollarıyla irəliləməyə davam etdik.

...Bəlkə də heç zaman yaşamadığım hisslər kənd mənzərəsini unudulmaz etmişdi. Qayaların arasından keçən yolun hər qarışında ayrı-ayrı duyğu notunun sədasını eşidirdim. Kəndin girişində möhtəşəm məktəb binası pişvazımıza çıxmışdı. Məktəblə üz-üzə dayanan alma bağındakı barla dolu ağaclar gül çələnginə bənzəyirdi.

Maşın qarşıdakı sərt hündürlüyü aşıb, böyük və əzəmətli qoz ağacının altında dayandı. Zahidin “Süleyman niyə gəlmədi” deməsi, sanki söhbətə körpü saldı. Belə yerlərə Süleymanla birlikdə getdiyimizi bildiyi üçün daha tutarlı səbəb eşitmək istəyirdi. Bu söhbət həm də Süleymanla bağlı xatirələrimizin yenilənməsinə başlanğıc oldu.

Gülər bulaq suyundan dəmlədiyi çayı parlaq xurustal stəkanlara süzüb, bizi süfrəyə çağırdı. Yol gəldiyimizi, yorğun olduğumuzu deyib, öz əlləriylə dəmlədiyi çaydan içməyimizi istədi. Stəkanlara limon salıb, dəmlədiyi çaya qiymət verməyimizi gözləyirmiş kimi, təbəssüm dolu baxışlarını ya mənim, ya Fəridin, ya da atası Zahidin ağzına zilləyirdi. Gülərin zəhmətini dəyərləndirməyi öz üzərimə götürdüm. Stəkanı qaldırıb, ətrafa yayılan qoxunu  ciyərlərimə çəkdim. Gülərə, “çox dadlıdı, bəh, bəh  hələ qoxusuna bax, sağ ol qızım” dedim. O, Fəridin və atasının nə deyəcəyini gözləmədən yemək süfrəsini hazırlamağa getdi.

***

Artıq süfrə hazır idi. Təbii kənd məhsulları süfrəyə xüsusi ahəng verirdi. Təmiz dağ havası və təbii qidalar iştahı açır, süfrə ətrafında dolaşan səmimi söhbətlər isə istirahətimizi daha maraqlı edirdi. Söhbətimizin əsas məğzi təbii ki, Süleyman idi. Fərid hər bir saatdan Süleymana zəng vurur, kənd həyatını ən kiçik xırdalığı ilə izah edirdi. Ona acıq vermək üçün bir az da üstünə qoyub, şaqqıltı çəkirdi. Süleymanın kəndə gəlməmə təəssüfü Fəridin davranışından açıq sezilirdi.

Uşaqlar qoz ağacına bərkidilmiş əlüzyuyanın altında  əllərini yudular. Meyvə ağaclarının olduğu bağda gəzmək, onlar üçün dünyanın ən böyük xoşbəxtliyi idi. Uşaq baxışları hər budaqda ilişib qaldıqca, gələcəyin yaddaşına bir xatirə həkk edirdi. Arada bu baxışlar budaqlardan sallanan meyvələrdə düyünlənərək, həyatın amansız oyunlarını pozurmuş kimi görünürdü.

Sahib bağın ən gözəl guşəsini seçib, torpağın üstünə əllə toxunmuş kilim sərmişdi. Qaz tükündən hazırlanmış güllü ipəklə üzlənmiş yumuşaq balışları, dirsəylənmək üçün bizə verib, samavara kömür atmağa başladı. Çiyələk və ağ gilas mürəbbələri dolu olan xrustal qabları rəngləri gözoxşayan kilimin üstünə qoyub Zahiddən soruşdu: Ata, Lənkəran çayından dəmləyim?

Zahid tez qalxıb, çayı özü dəmləyəcəyini dedi.

***

Artıq günəş qüruba yaxınlaşırdı. Hündür ağacların yarpaqları arasından günəşin sarı şüaları oğrun-oğrun boylanırdı. Gecənin qaranlığı hər tərəfə yavaş-yavaş hopur, səmada çox ecazkar görüntü peyda olurdu. Qaranlıq gecədə dağların uzaqdan görünən əzəmətli görünüşü sanki üstümüzə yeriyir kimi görünürdü.

Bir qədər əvvəl kölgəsində oturduğumuz ağaclardan qəribə xof dolu baxışlar tökülürdü üstümüzə. Gecənin sükutunu çox uzaqdan gələn çaqqal ulaşması və itlərin hürməsi pozurdu. 1964-cü ildə palçıqdan və meşə ağacından tikildiyi ehtimal olunan üstü sualla örtülmüş evin ikinci mərtəbəsində oturub pıçıltılı və qara rəngə boyanan bağı seyr etmək həm möhtəhəm idi, həm də qorxulu. Çaydaşından hörülmüş pilləkanla ehtiyatla çıxıb, taxta stulda oturmuşduq. Açıq eyvan yarıya qədər nazik və köhnə taxta parçalarıyla hörülmüşdü. Zahidin dəmlədiyi çaydan qurtum-qurtum içmək gecənin keyfini daha maraqlı edirdi. Amma içimdə çox əcaib və heç zaman yaşamadığım xof var idi. Hətta həyətə düşüb, ağacların altına gedib budaqlarını oynadacaq qədər cəsarətsiz və qorxaq görünürdüm. Gecənin qaranlığı möhtəşəmliyi ilə vücuduma hakim kəsilmişdi. Qaranlıq əhatələdiyi ən kiçik budağı da əzəmətli etmişdi.

Pəncərənin şüşələri şaqqıldayanda yuxudan oyandım. Vahiməli ildırım səsi yeri-göyü titrədirdi. Arada hər tərəf işığa bürünür, dərhal sonra gözümün qarşısını zülmət kəsirdi. Bir gündə çox fərqli hadisələr yaşamağım, nağıllar aləminə düşdüyüm ehtimalımı artırırdı. Çöldə ildırım vahiməsi, otaqda da Zahidin xorultusu yuxumu ərşə çəkdi. Yayın ən isti ayında - avqustda yorğansız yatmağın mümkün olmadığı bir məkanda, gecənin tən ortasında təbiətin şıltaqlığı düşünməyə məcbur etdi, sanki məni. Mütəkkəyə söykənib, gözlərimi pəncərəyə zillədim. Bir qədər gecənin qaranlığında sükutla qol-boyun oldum. Sükut məni bağrına basdıqca ruhum rahatlaşır, ümidlərim çiçək açırdı. Fərid oyananda sükutla görüşümüz başa çatdı. O arxaya baxmadan çıxıb, getdi...

***

Fərid bərk acdığını deyib, yerindən qalxdı. Eyvana çıxdıq. İldırım sakitləşmiş, yerini narın və sakit yağışa buraxmışdı. Yağışın damcıları çay daşı ilə hörülmüş həyətə pianino dillərinə toxunduğu kimi dəyir, həzin musiqi sədası ətrafa səpələnirdi. Küləyin ehmalca budaqları tərpətməsi isə sanki ən gözəl ilahini ifa edirmiş kimi görünürdü...

Barmaqlarımın ucunda “orta otağın” meşə ağacından hazırlanmış qapısına yaxınlaşdım. Qapının dəstəyini tutub var gücümlə astaca qaldırdım ki, ətrafa səs salmasın. İçəri girəndə hər şey töküntülü idi. Təndir çörəyi rəngli çit parça süfrədə pəncərənin qabağında qədim mis teştdə qoyulmuşdu. Süfrəni açıb təndir çörəyinin birini götürdüm. Birdən gözümə ağ kaulçuk qabda əncir mürəbbəsi sataşdı. Dəmir vedrəni çevirib üstündə oturdum... 

Zahidlə Fəridin şaqqıltısı yuxudan ayırdı məni. Çox güman ki, təndir çörəyi ilə əncir mürəbbəsi mənə bərk yuxu gətirmişdi. Zahid xorultulu yatmağımı telefonun yaddaşına qeyd etmişdi. Səhər yeməyini mehrə yağı, kənd yumurtası və yenicə təndirdən çıxarılmış isti çörəklə motal pendiri çox ləzzətli edirdi. Bir taraş stəkan süd səhər yeməyini tamamladı.

Artıq günəş səmada cövlan vurub, mərkəzə xeyli yaxınlaşmışdı. Zahid iki böyük daşın üstünə sac qoyub altına kömür tökmüşdü. Qoz ağacından dərdiyi zəgallı qozlara başı qarışdığı üçün, sacın üstünə tökdüyü günəbaxan tumu yanmışdı. Fərid həmişəki kimi Süleymana zəng açıb Zahidin bacarıqsızlığından şaqqıltı ilə danışır, Yardımlının ecazkar təbiətini izah etmək istəyirdi.

***

Bu dəfə manqal qonşu həyətdə qurulmuşdu. Manqalın başına çatanda Zahid qohumlarını bir-bir bizə təqdim etdi. Təravətli quzu ətini həvəslə şişlərə keçirdəni isə xüsusi vurğuladı: Bu, çox yaxşı kabab bişirir, baldızım oğlu Maqsuddur.

Maqsud əlindəki şişi qaldırıb bizi salamladı və süfrəyə keçməyimizi xahiş elədi. Quzu kababını ədviyyatlar çox dadlı eləmişdi. Maqsud ilk şişi süfrəyə gətirib, kabab haqqında təriflərini yağdırmağa başladı: “Bu kababdan heç yerdə yeməmisiniz. Dağların döşündə bəslənən quzu ətindəndir. Hələ buna təbii ədviyyatlar da vurmuşam ki, daha ləzzətli olsun. Nuşi canlıqla yeyin”.

Sonra tez manqalın başına keçdi və kəmərinə keçirdiyi dəsmalla tərini silib, işinə davam etdi.

Quzu əti kömürün çıqqıltı ilə yanmasına tab gətirmir, göz yaşı axıdırmış kimi əriyib damcı-damcı ocağa düşürdü. Maqsud da “körpə quzu ətidir, çox saxlasam yanar” deyib, şişləri süfrəyə düzürdü. O, “bulaq suyundan da için” deyib, şişlərə arasına pomidor keçirdiyi quzu quyruğu da düzdü.

Yağış damcılarının süfrəyə arabir düşməsi Zahidin dərindən ah çəkməsinə səbəb oldu. Hamı əlindəki tikəni saxladı, Zahidin nəsə deyəcəyi udqunmasından bəlli idi. Zahid ağzındakı tikəni udub, əlindəki quzu qabırğasını kiçik oğlu Sadiqə verib dedi: bu yağış damcıları Süleymanın göz yaşlarıdır. Özü gələ bilməsə də, göz yaşlarını göndərib.

Oxunuş sayı 2164 dəfə
Şərh vermək üçün giriş edin
Top