Dienstag, 08 September 2015 21:00

“Azad iqtisadi fəaliyyətə şərait yaradılmalıdır ”

İsmayıl Əliyev: “Neft pullarının xərcləndiyi sahələrdən gəlir əldə etmirik”

Azərbaycanda hakimiyyətin mövcud iqtisadı siyasəti ölkədə bir neçə şəxsin həttindən artıq varlanmasına, əhalinin isə kütləvi yoxsulluğuna aparır. Azərbaycan neft istismarından təqribən 135 milyard dollar gəlir götürüb və bu gün neft fondunun aktivləri təqribən 35 milyard civarındadır. Biz gəlirlərimizin böyük bir qismini xərcləsək də, görünən odur ki, pullarımızı xərclədiyimiz sahələrdən gəlir əldə etmirik. Mövzu ilə bağlı “Doğru xəbər”-in suallarını sahibkar, ictimai fəal İsmayıl Əliyev cavablandırır.

- İsmayıl bəy, ölkədəki iqtisadi durumu necə qiymətləndirirsiniz?

- İlkin olaraq qeyd edim ki, bu gün ölkəmizdə gənclərin çalışması üçün hər hansı iş yeri tapmaq qeyri-mümkündür. Mən hələ hər hansı vətəndaşın biznes qurmaq perspektivindən, iş imkanlarından danışmıram. Azərbaycan idxaldan asılı vəziyyətdə qaldığına görə hər gün bahalaşma müşahidə olunur və neft satışının dünya bazarında ucuzlaşması və Azərbaycan neftinin azalması faktiki olaraq ölkəni iqtisadi krizislə üz-üzə qoyub. Bir həftədir ki, banklar dollar satışını dayandırıb və dollar satışında artıq qara bazar canlanıb. Bu isə gələcəkdə qeyri-leqal fəaliyyətlərin artmasını şərtləndirəcəkdir.

Sizcə, ölkədə hər şeyin sabit olduğu halda qeyd etdiyiniz çətinliklərin yaranmasının əsas səbəb(lər)i nədir?

- Hamıya məlumdur ki, Azərbaycan neft istismarından təqribən 135 milyard dollar gəlir götürüb və bu gün neft fondunun aktivləri təqribən 35 milyard civarındadır. Deməli gəlirlərimizin böyük bir qismini xərcləmişik və bu günkü iqtisadi vəziyyətimiz onu deməyə əsas verir ki, biz pullarımızı xərclədiyimiz sahələrdən gəlir götürə bilmirik. Yəqin ki, mətbuatda Beynəlxalq Bankın kredit əməliyyatlarıyla bağlı məhkəmə prosesini izləyirsiniz. Bu prosesdə nüfuzlu adamların, məmurların banklardan pulları necə çıxartdığının şahidi olduq.

- Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyev hal-hazırda ittiham olunur və bu şəxsin bankı düzgün idarə edə bilməməsini nə dərəcədə əsas problem kimi qeyd etmək olar?

- Əvvəla qeyd edim ki, mən bu prosesi məmurların özbaşınalığı kontekstindən qiymətləndirirəm. Eyni zamanda digər məsələləri də qeyd etdim. Demək istəyirəm ki, bu gün bir bank rəhbərinin məhkəməsində adıçəkilən nüfuzlu şəxslərin və onların ayrı-ayrı adamlarının adına kredit götürərək ödəməmələri kriminal qrupların vəzifədə yer tutmasının göstəricisidir. “İnter Tekstil” şirkəti, Bakı Fındıq Emalı Zavodu, “İnter security” şirkətləri ölkədə təsadüfi adamın şirkətidirmi ki, bu şirkətlərin rəhbərlərinin göstərişiylə işçilər bankdan milyonlarla kredit götürsünlər. Bu ölkədə hamıya məlumdur ki, bu və ya digər şirkətlərin faktiki rəhbərliyi də təsadüfi adamlardır. Əsl sahibkar isə vəzifədə geniş şəbəkəsi olan məmurlardır. Və yaxud yadınıza salın ki, bankdan 3000 və ya 5000 kredit götürmək istəyən vətəndaşlardan nə qədər sənəd tələb olunur. Bütün bunlar onun göstəricisidir ki, hakimiyyətdə oğruluğa öyrəşmiş, tam kriminallaşmış məmur qrupu fəaliyyət göstərir.

- Yaxın perspektivdə bizi nə gözləyir?

- İlk öncə onu qeyd edim ki, Azərbaycana gələn böyük pullar böyük problemlər gətirdi və biz bu gün bunun bəlasını yaşayırıq. Vəziyyətdən çıxmaq üçün hakimiyyət iradə nümayiş etdirib iqtisadi islahatlar tətbiq etməlidir. Bu islahatlar real vəziyyəti əks etdirməli və AzTV reklamı üçün olmamalıdır. Gömrükdə və vergi sistemində olan neqativ hallar aradan qaldırılmalıdır. Daxili istehsalın artırılması üçün fəaliyyətlər həyata keçirilməlidir. Kənd təsərrüfatının inkişafı üçün kredit güzəştləri nəzərdə tutulmalı və sığorta tətbiq olunmalıdır. Ən əsas məsələ ondan ibarətdir ki, azad iqtisadi fəaliyyətə şərait yaradılmalıdır. Bu məsələlər həll edilməyincə Azərbaycanda iqtisadi vəziyyətin düzəlməyini gözləmək çətin olacaq. Onsuz da hətta bütün bu deyilənlər həyata keçsə belə, bir neçə il ölkədə sıxıntı olacaq. Lakin biz əməli fəaliyyətlərin şahidi olsaq yaxın gələcəkdə bunun nəticələrini də görə bilərik. Hərçənd hakimiyyətdə kök salmış bəzi məmur qrupların vəzifədən getməyəcəyi halda mən bu nikbin gələcəyə inanmıram. Azərbaycanda hakimiyyətin mövcud iqtisadı siyasəti ölkədə bir neçə şəxsin həttindən artıq varlanmasına, digər tərəfdən kütləvi yoxsulluğa aparır.

Cavad Bədəlov

Read 3647 times
Login to post comments
Top